Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-13 15:24:00
“Biz birlikdə güclüyük” onlayn rəsm müsabiqəsi davam edir

Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən təşkil olunan “Biz birlikdə güclüyük” mövzusunda onlayn respublika rəsm müsabiqəsi davam edir. Müsabiqə Bakı şəhəri və respublikanın digər regionlarında fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilir.

 

 AzEdu.az  xəbər verir ki,  rəsm müsabiqəsinin təşkilində əsas məqsəd dövlətimizin başçısının “Biz birlikdə güclüyük!” çağırışına dəstək olmaq, ölkəmizdə koronavirus (COVID-19) infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimində uşaqların ev şəraitində asudə vaxtını səmərəli və faydalı təşkil etmək, evdə olduqları müddətdə öz yaradıcılıqlarını inkişaf etdirmək və istedadları üzə çıxarmaqdan ibarətdir.

 

Üç mərhələdən ibarət müsabiqə 3 yaş qrupu üzrə (5-7, 8-10 və 11-14 yaş kateqoriyası) təşkil olunur. Hər iştirakçı müsabiqəyə yalnız bir rəsm işi ilə qatıla bilər. Müsabiqəyə təqdim edilən iş A-4 formatında müxtəlif texnikada (flomaster, quaş, sulu boya, pastel, yağlı boya) işlənə bilər. Rəsmin aşağı sağ küncündə müəllifin adı və soyadı, yaşı, əsərin adı, eyni zamanda, təmsil olunduğu müəssisənin və rayonun (şəhərin) adı yazılmalıdır. Rəsm işləri müsabiqə iştirakçıları (valideyn və ya qanuni nümayəndə) tərəfindən +994 50 277 35 55 mobil nömrəsində qeydə alınmış “WhatsApp”a şəkil formatında və [email protected] elektron ünvana aprelin 26-dək göndərilə bilər. Rəsm işlərinin aydın görünüşdə olması nəzərə alınmalıdır.

 

Müsabiqədə orijinal ideyası, ustalığı ilə seçilən əsərlərə üstünlük veriləcək. Əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmaması və yeni çəkilmiş rəsmlərin təqdim olunması vacib amillərdəndir. Müsabiqə aprelin 30-dək davam edəcək. Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaq.