Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-14 16:13:00
DİM koronovirusla bağlı test hazırladı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən maarifləndirici tədbirlərə dəstək məqsədilə videoçarx və infeksiya barədə bilikləri yoxlamaq üçün “COVID-19 haqqında məlumatlılıq” testi hazırlanıb.

DİM-dən AzEdu.az-a bildirilib ki, videoçarxın hazırlanmasında məqsəd izləyiciləri maarifləndirmək və məsələyə elmi nöqteyi nəzərdən baxmağa kömək göstərməkdir. Videoçarxda virus haqqında ümumi məlumatlar, infeksiyanın yayılma üsulları, xəstəliyin simptomları, virusdan qorunmanın və qorumanın yolları, problemin psixoloji tərəfləri, qabaqlayıcı tədbirlərin əhəmiyyəti, infeksiyanın həndəsi çoxalma qaydasında yayılma riski və bunun sadə – orta məktəb proqramına uyğun misallarla izahı verilib.

Videoya baxdıqdan sonra otk.az saytında “COVID-19 haqqında məlumatlılıq” testindən keçməklə koronavirus infeksiyası barədə bilik səviyyəsini yoxlamaq mümkündür. Burada infeksiyanın əlamətləri, yayılma yolları və ondan qorunma vasitələrinə aid tapşırıqlar var. İzləyici testin nəticələrinə uyğun məsləhətlərlə də tanış ola bilər. Test ödənişsizdir.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin “Fərdi inkişafa dəstək” layihəsi” çərçivəsində abituriyentlər, onların valideynləri, o cümlədən vətəndaşlar üçün psixoloji maarifləndirmə və dəstək xidməti həyata keçirilir. DİM-in “Facebook” və “YouTube” kanallarında, eləcə də layihənin “Pozitiv zəka” səhifəsində müxtəlif mövzulara – öyrənmə motivasiyası və modelləri, şəxsi inkişaf, inam, vərdiş, stres və onun idarə olunması, imtahanlara hazırlıq və digər məsələlərə aid videoçarxları izləmək mümkündür.