Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-16 15:18:00
Müasir dövrün idarəçiləri necə olmalıdır? - Və yaxud “Yüksəliş”in əsas missiyası

Azərbaycanda son illərdə həyata keçirilən islahatlar, xüsusilə dövlət idarəçiliyi sistemində aparılan struktur və kadr dəyişikliyi müasir idarəçilik modelinin yaradılması istiqamətində mühüm yeniliklərə səbəb oldu. Prezidentin son dərəcə mürəkkəb struktura malik dövlət idarəçiliyi sistemini yeniləmək və müasir çağırışlara uyğun formalaşdırmaq iradəsi əslində, ictimai gözləntiləri özündə ehtiva edən islahatlar konsepsiyası kimi qiymətləndirilməldir. Artıq sadə Azərbaycan vətəndaşı idarəçiləri cəmiyyətdən uzaqlaşmış, onun sosial strukturuna daxil olan təbəqələrin yaşadığı reallıqlardan xəbərsiz, yaxud bu reallıqlara laqeyd bir qrup kimi görmür. Dövlət başçısının özünün müəyyən etdiyi yeni standartlar idarəetmə strukturlarının insanlara daha yaxın olmasını, özünü “əlahiddə statusa malik elita” kimi görmək vərdişlərini unutmasını zəruri edir. Bəs, mövcud kadr resursları bu tələblərə uyğun yeni idarəçilik modelinin yaradılması üçün kifayət qədər imkan yaradırmı?

 

Müasir idarəçilik anlayışı haqqında müxtəlif tədqiqatçıların təklif etdiyi kifayət qədər fərqli modellər mövcuddur. Lakin onların hər birində əsas elementlər o qədər də fərqlənmir. İdarəetmədə üç qrup mühüm keyfiyyət ön plana çıxır: şəxsi keyfiyyətlər, işgüzar xüsusiyyətlər və peşəkar keyfiyyətlər. Hansı sahədə işləməsindən və təmsil etdiyi cəmiyyətin xüsusiyyətlərindən asılı olmayaraq, idarəçilərin uğurlu olması üçün bu keyfiyyət qrupları hər biri eyni dərəcədə mühüm əhəmiyyət kəsb edir. Lakin mütəxəssislərin əksəriyyəti bu fikirdə yekdildir ki, şəxsi keyfiyyətlər istənilən mükəmməl idarəçi üçün ön planda gəlir. Çünki yalnız bu keyfiyyəti o, sonradan, həyat və iş təcrübəsi əsasında qazanmır. Bu hər bir idarəçinin kollektivdə nüfuz və səmimi rəğbət qazanmasının ilk və dəyişilməz şərtidir. İnsani keyfiyyətləri kollektivin gözləntiləri ilə üst-üstə düşməyən menecerin mükəmməl idarəçilik sistemi qurması, tabeliyindəki kollektivi stimullaşdırmaq və keyfiyyətli məhsul, yaxud xidmət ərsəyə gətirmək imkanları natamamdır. Əlbəttə ki, şəxsi keyfiyyətləri müsbət xarakterizə olunmayan uğurlu idarəçilər haqqında nümunələr göstərmək mümkündür. Lakin mütəxəssislər hesab edirlər ki, bu kateqoriyadan olan idarəçilərin şəxsi keyfiyyətləri onların peşəkar və işgüzar keyfiyyətləri kimi müsbət olsaydı, daha böyük uğurlar qazana bilərdilər. Yalnız ləyaqətli, özünə və eyni zamanda qarşısındakına hörmət etməyi bacaran, mənəvi-əxlaqi keyfiyyətləri ilə başqalarına şəxsi nümunə göstərə biləcək, ədalətli və vicdanlı idarəçilər kollektivin həqiqi liderinə çevrilə bilir. İnsanlar onları dinləməyi bacaran, çətin, bəzən hətta anlaşılmaz situasiyalarda başa düşməyə cəhd göstərən rəhbərlərin göstərişlərini keyfiyyətlə icra etmək, gözləntilərini doğrultmaq üçün daha səmimi davranış nümayiş etdirirlər.

 

Müasir idarəçi üçün zəruri olan ikinci keyfiyyətlər qrupu onun işgüzar xüsusiyyətləridir. Təşkilatçılıq bacarığı, müasir texnologiyalar haqqında məlumatlılıq səviyyəsi və bu texnologiyaları iş prosesində tətbiq etmək bacarığı yeni dövrün menecerləri üçün ən mühüm keyfiyyətlərdən hesab olunur. Məqsədyönlülük, kollektivi böhran vəziyyətlərində toparlamaq, bu cür situasiyalara adekvat reaksiya vermək qabiliyyəti, kadrları düzgün seçmək və iş prosesini düzgün təşkil etmək, dəqiq iş bölgüsü aparmaq – bütün bunlar idarəçinin işgüzar keyfiyyətlərini şərtləndirən xüsusiyyətlərdir. Bu onu həm də kollektivdə digərlərindən fərqləndirən keyfiyyətlər kimi qiymətləndirilir.

 

Müasir idarəçi üçün zəruri olan üçüncü qrup keyfiyyətlər şübhəsiz ki, onun peşəkarlıq səviyyəsidir. Peşəkar keyfiyyətlər istənilən sahədə çalışan idarəçi üçün vacibdir. Bu keyfiyyətləri əxz etməmiş idarəçilərin kollektivdə etimad qazanması, iş sistemini müvəffəqiyyətlə qurması əlbəttə ki, mümkün deyil. Peşəkar xüsusiyyətlər savad, məlumatlılıq, təcrübə kimi mühüm elementləri özündə ehtiva edir. Peşəkarlıq həm də özündə elmi, texniki, hüquqi və digər bilikləri ehtiva edən fərdi mədəniyyətdir. Mükəmməl idarəçi təşkilatın qarşısında duran hədəfləri, bu hədəflərə çatmaq üçün mövcud imkanları və mümkün maneələri dəqiq qiymətləndirməyi bacarmalıdır. Kollektivdə, istehsalat və ya xidmət prosesinin bütün mərhələlərində baş verənləri, çatışmazlıqları, uğurları dəqiq görməyi, təhlil etməyi bacarmalıdır. Uğurları bölüşə bilmək, uğursuzluqların məsuliyyətini öz üzərinə götürməyi bacarmaq onu başqalarından fərqləndirən əsas xüsusiyyətlərdir.

 

Azərbaycanı yenidən formalaşdırılan idarəçilik sistemi yeni dövrün tələblərinə uyğun kadr ehtiyatına ciddi ehtiyac duyur. Şübhəsiz ki, ölkədə indiyə qədər həyata keçirilmiş siyasətin əsas məqsdələrindən biri də müasir çağırışlara uyğun kadr bazasının formalaşdırılmasından ibarət olub. Ölkədə belə kadrların varlığını inkar etmək üçün heç bir ciddi əsas yoxdur. İndi əsas problemlərdən biri, bəlkə də birincisi bu kadrları üzə çıxarmaqdan ibarətdir. “Yüksəliş” müsabiqəsi də, görünür, elə bu ehtiyacdan yaranıb. Bu layihə ölkədə yüzlərlə insana özünün peşəkar keyfiyyətlərini nümayiş etdirərək arzuladığı karyeranı qurmaq imkanı tanıyır. “Yüksəliş”in əsas missiyası da yeni dövrün çağırışlarına uyğun idarəçiləri müəyyən edərək, dövlət idarəetmə strukturlarına cəlb etməklə, daha mükəmməl idarəetmə mexanizminin yaradılmasına töhfə verməkdir.