Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-16 15:48:00
700 bal toplayanlardan abituriyentlərə tövsiyələr: “Karantində bunları edin”

 

Koronavirusla mübarizə məqsədi ilə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyəti müvəqqəti olaraq  dayandırıldı.  Daha sonra  təhlükəsizlik tədbirlərinin ciddi şəkildə davam etdirilməsi ilə əlaqədar verilən tətil müddətinin uzadılmasına qərar verildi.

 

Abturiyent və tələbələrin bu tətil günlərini necə dəyərləndirmələri isə  onların dərslərə adaptasiyası, eyni zamanda gələcək planları baxımından vacib əhəmiyyət daşıyır.

 

Əvvəlki illərin nümunəvi abturiyentləri hesab edilən hazırki tələbələrimiz, yəni 700 bal toplayanlar  AzEdu.az-a açıqlamalarında bununla bağlı  öz tövsiyələrini veriblər:

 

UNEC-in 700 bal toplamış  tələbəsi Cavad Əliyev:

 

Tətil müddətini  kitab oxuyaraq, film izləyərək, geri qalan vaxtımda isə musiqi dinləyərək keçirirəm. Daha çox klassik ədəbiyyatı, xüsusi ilə də rus klassiklərini oxumağı sevirəm.

 

Abturiyentlərə isə ən vacibi dərsləri ilə ciddi məşğul  olmalarını  məsləhət görərdim. Çünki tətil müddəti uzundur, bir çox şeyləri unutma ehtimalları var, hansı ki, bu oların gələcək imtahan  nətiəcələrinə pis təsir edə bilər. Ancaq bununla  yanaşı onlar da müxtəlif mövzulu kitablar oxuyaraq, özləri üçün maraqlı, eyni zamanda faydalı olan filmlər izləyərək zamanlarını əhəmiyyətli şəkildə dəyərləndirə bilərlər. Bu onların dərs arası istirahət zamanlarını faydalı keçirmələri üçün əhəmiyyətlidir.

 

Belə desək, əsas məsələ öz dərslərinə fokuslandıqları halda intellektual inkişaf və dünyagörüşlərinin formalaşması baxımından geri qalmamalarıdır.

 

Bakı Dövlət Universitetinin 700 bal toplamış tələbəsi Əzim Əzizli :

Düşünürəm ki, hər kəs üçün, yaranmış bu məcburi fasilə dincəlmək üçün “tətil” yox, özünü inkişaf etdirmək üçün “fürsət” olmalıdır. Ən azından mənim bu məcburi vəziyyət barədə gəldiyim qənaət budur. Boş vaxtlarının çox olduğunu nəzərə alaraq, abturiyentlər sadəcə dərsliklərlə kifayətlənməyib bədii ədəbiyyat oxumaqla özlərini inkişaf etdirə bilərlər.

 

Hazırda abituriyent olmasam da, onların indiki vəziyyətini başa düşürəm. Mən də bir vaxtlar abituriyent olmuşam, o həyəcanı hiss etmişəm.  Sadəcə olaraq, heç kim ruhdan düşməməli, həm fiziki, həm də əqli cəhətdən aktivlik qorunmalıdır. Hər bir abituriyent başa düşməlidir ki, bu fasilə bir müddətlikdir, sonra yenidən hər şey əvvəlki axarında davam edəcək. Unutmasınlar ki, qarşıda onları imtahanlar gözləyir. 

 

 Ən vacibi isə heç nəyi sonra edərəm, sonra öyrənərəm deməsinlər.Çünki tələbəlik dövründə nəyəsə vaxt ayırmaq daha çətin olur, nəinki, abituriyent vaxtlarında. Əsas məqsədləri daha çox öyrənmək olmalıdır.

 

Bakı Ali Neft Məktəbinin 700 bal toplamış tələbəsi Əsra Bayramova :

 

İlk növbədə bu çətin zamanda bütün insanları evdə qalmağa, sağlamlığımızı qorumaq üçün verilən bütün tapşırıq və tövsiyyələrə əməl etməyə çağırıram. Evdə olduğum müddətdə müəllimlərin onlayn köməyi ilə dərslərə proqram üzrə davam edirəm.

 

 Abituriyentlərə məsləhətim budur ki, bu müddət ərzində dərslərə daha da məsuliyyətlə yanaşsınlar. Onlayn dərslərdən - müəllimlərin onlar üçün yaratdığı bütün imkanlardan istifadə edərək dərslərində yaranan boşluqları doldursunlar və bununla özlərini daha da təkmilləşdirsinlər.  Ən əsası bu devizi yadda saxlasınlar:  “Oxumağın əzabı bir müddətlikdir, oxumamağın əzabı isə ömürlük”.