
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Cahangir Məmmədli bu gün koronavirus pandemiyasına qarşı mübarizə aparan Azərbaycan səhiyyə işçiləri ilə bağlı kitab hazırlamaq təşəbbüsü ilə çıxış edib. Bununla bağlı Azərbaycan jurnalistlərinə müraciət edən professor C.Məmmədli onları bu təşəbbüsə qoşulmağa çağırıb.
Əziz jurnalistlərimiz, əziz həmkarlar! Bu gün bütün dünya, bütün Azərbaycan təhlükəli bir virus - koronavirus pandemiyası ilə mücadilədədir. Bu mücadilədə ön cəbhədə olan peşə sahibləri var: həkimlər, polislər və jurnalistlər. Prezident İlham Əliyev hər çıxışında bu ön cəbhədə çalışan qəhrəmanlar sırasında jurnalistlərin də əməyini xüsusi qeyd edir. Xalqımız sizin Qarabağ döyüşləri zamanı əsgərlərimiz və könüllülərimizlə birlikdə ön cəbhədən göndərdiyiniz reportajları, qəhrəmən döyüşçülərimiz haqqında tarixə düşmüş oçerkləri yaxşı yadında saxlayıb. Sizin Qarabağ döyüşləri mövzusunda əsərləriniz dünən əsgərlərimizə stimul verdi, bu gün yaddaşları təzələdi və indiki daha dəhşətli virus müharibəsində peşəkarlıq təcrübəsinə çevrildi.
Bugünkü müharibənin qəhrəman döyüşçüləri isə həkimlərdir. Onların bugünkü birgəliyi, bugünkü cəsarəti və şücaəti yaxın vaxtların aktual mövzusuna çevriləcək. onların bu qəhrəmanlığına peşəkar yazıçılarımız romanlar həsr edəcək, kinorejissorlarımız filmlər çəkəcəklər. Lakin gələcəkdə hər kəs bu haqda ən dəqiq və dürüst, bəzək-düzəksiz bilgiləri daha çox mətbuatımızdan, qəzet və saytlarımızdan, telekanallarımızın arxiv materiallarından alacaq.
Əziz və doğma jurnalistlərimiz! Bu tarix arxivləri sizin sayənizdə formalaşacaq. Amma bunun üçün elə bu gündən ön cəbhədə olan həkimlərimizin, tibb bacılarımızın, təcili yardım maşınları sürücülərinin - mücadiləyə qoşulan bütün səhiyyə işçilərinin portret oçerklərini, portret esselərini yaratmaq lazımdır. Prezident İlham Əliyevin qəhrəman həkimlərlə bağlı hər dəfə dediyi cümlələr bizə mövzu verir. Jurnalistlərimizin yoluxma təhlükəsi yüksək səviyyədə olan xəstəxanalarımızda müsahibəyə cəlb etdiyi hər bir həkim maraqlı bir portret oçerkinin, maraqlı bir essenin yaddaşlara çökəcək mövzusu ola bilər.
Əziz həmkarlarımız! Onsuz da siz ön cəbhədə həkimlərimizin şücaətini, birliyini, xalq yolunda birdən-birə necə birləşdiklərini, hansı təhlükəli şəraitdə fəaliyyət göstərdiklərini gündəlik xəbərlərinizdə cəmiyyətə çatdırırsınız. Mənim bu anda sizdən xahişim ondan ibarətdir ki, gəlin həkimlərimizin bu qəhrəmanlıq faktlarını geniş imkanlı bədii-publisistik janrlarda qələmə alaq. Ortaya qoyacağımız publisistik əsərləri sonda bir kitab formasında nəşr edək. Bununla bağlı heç bir müsabiqəyə-zada ehtiyac da yoxdur. Necə ki, bu gün həkimlərimiz xalqımıza heç bir minnət qoymadan bu cəbhəyə yollanır, biz də eləcə.
Bu kitabın hazırlanıb ərsəyə gəlməsi məqsədi ilə “525-ci qəzet”lə birlikdə bir layihəyə başlamaq istəyirik. Jurnalistlərdən xahiş edirik ki, bu mövzuda yazdıqları yazıları 525.az saytına - [email protected] elektron ünvanına göndərsinlər (Layihənin koordinatoru “525-ci qəzet”in əməkdaşı Sevinc Qarayevadır). Həmin yazılar qəzetin saytında yerləşdiriləcək, sonra isə nəşrə hazırladığımız kitaba daxil ediləcək.
Onu da qeyd edim ki, kitabın nəşrini yarandığı gündən maarifçilik fəaliyyəti ilə tanınan "Zərdabi" MMC mətbəəsinin direktoru Elman Qasımov öz öhdəsinə götürüb.
Yazılarınızı gözləyirik!
Səhhətiniz sağlam, qələminiz iti olsun!
Hörmətlə,
Cahangir MƏMMƏDLİ