Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-23 18:11:00
Tələbələrimizi dünyanın ən reytinqli universitetlərinə aparacaq təhsil proqramı – Bir  uğurun gizli qatı

 

 

Azərbaycanda son illərdə təhsilin bir çox istiqamətlərində olduğu kimi, ali təhsil sistemində də irəliləyişlərə səbəb olan addımlar atılıb. Universitetlərimizin hazırki inkişaf tempi gələcək ali təhsil sistemimiz barəsində nikbin danışmağa əsas verir.

 

Azərbaycan  Respublikası Prezidentinin Sərəncamına əsasən, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edildi. Proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.

 

 

 

Proqramın növbəti illərdə təhsil sistemimizə müsbət  təsiri isə danılmaz fakt olacaqdır.  

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi İlqar Orucovun sözlərinə görə,  qarşıdakı illərdə hansı təhsil mərkəzində bu proqram tətbiq edilərsə, yüksəliş həmən hiss olunacaqdır:

 

 “Bu sənəd çox mühüm və lazımlıdır. Proqram çox böyük hədəflərə ünvanlanıb. Dövlət proqramının icrasından sonra Azərbaycanın ali təhsil sistemində rəqabət mühiti dərinləşəcək. Hansı təhsil mərkəzində bu proqram tətbiq olunarsa, yüksəliş həmən hiss ediləcək. Bu sənəd bir neçə mühüm istiqaməti özündə ehtiva edir. Bu istiqamətlərdən biri gənclərimizin xaricdə ən öndə olan universitetlərdə doktorantura təhsili almasıdır. Bu mütəxəssislər təhsili bitirib, ölkəmizə qayıdacaq və universitetlərdə pedaqoji fəaliyyətə başlayacaqlar”.

 

İlqar Orucov bildirdi ki, proqramın tətbiqi öz universitetlərimiz arasında da rəqabət mühiti formalaşdıracaq:

 

 “Proqram çərçivəsində tələbələrə 2 diplom təqdim olunacaq. Bununla bağlı artıq işlər başlanılıb. Karantin rejimi tətbiq olunduğu üçün müəyyən müddətlik fasilə verilib. Sonrasında yenidən qaydalı fəaliyyətə keçiləcək. Bu mühüm proqramlar tam şəffaf formada tətbiq olunur. Kiminsə şəxsi istəyi, arzusu nəzərə alınmır. Proqramın tətbiqi eyni zamanda öz universitetlərimiz arasında da rəqabət mühiti formalaşdıracaq. Təhsil sistemimizin daha da inkişaf etməsi məktəb və universitetlərdə  nəzəri və praktiki biliklərin yüksək səviyyəli tədrisindən asılıdır. Əmək bazarının tələblərinə cavab verəcək kadr hazırlanması birmənalı olaraq universitetlərdən asılıdır. Ali təhsil müəssisələrimizin dünyada tanınması xarici tələbələrin ölkəmizə axınına səbəb olacaq”.

 

Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru Elçin Süleymanovun fikrincə, bu  proqram sayəsində  gənclərimiz dünyanın 500 ən reytinqli universitetlərində doktorantura təhsili alıb vətənə qayıdacaqlar:

 “Ali təhsil sistemində rəqabətin artırılması üzrə dövlət proqramı” özündə 2 istiqaməti ehtiva edir: birincisi, xaricdə təhsilin davam etdirilməsidir. Dövlət Neft Fondunun hesabına 4000-ə yaxın azərbaycanlı gənc xaricdə bakalavriat, magistratura və doktorantura üzrə təhsil almaq fürsəti əldə etdi. Müəyyən qədər tələbə hələ məzun olmayıb. Bu proqram çərçivəsində isə xarici ölkələrdə doktorantura(phd) təhsili alıb ölkəmizə qayıdaraq pedaqoji fəaliyyətlə məşğul olmaq istəyən tələbələrə maddi dəstək nəzərdə tutulub. Bizdən öncə xarici universitetlər proqramı tətbiq edib müsbət nəticələr əldə ediblər. Gənclərimiz dünyanın 500 reytinqli universitetlərində doktorantura təhsili alıb vətənə qayıdacaqlar. Yanvar ayından seçim üçün müsahibələr başlanılıb. Mütəxəssislər qayıdanda onlara təhsil aldıqları universitet tərəfindən razılıq sənədi veriləcək. Maddi cəhətdən xeyli vəsait tələb edən proqramdır”.

 

Elçin Süleymanov açıqlamasında onu da bildirir ki, iki diplom tələbələrin gələcəkdəki fəaliyyəti üçün çox əhəmiyyətli olacaq:

 

“Proqramın ikinci istiqaməti isə ikili diplomların Azərbaycana gətirilməsidir. Ölkəmizdə ikili diplom daha əvvəl bir neçə universitetdə tətbiq olunub. Məsələn, Bakı Ali Neft Məktəbi, Azərbaycan Turizm və Menecment universiteti, ADA, UNEC-də həyata keçirilirdi. Dövlət səviyyəsində həyata keçirilməsi isə proqramın daha da inkişaf etdirilməsinə səbəb olacaqdır. ADPU və Corc Vaşinqton universitetləri arasında müqavilə imzalandı.BMU ilə Koreyanın İNHA universiteti arasında ikili diplom proqramı nəzərdə tutulur. İki diplom tələbələrin gələcəkdəki fəaliyyəti üçün çox əhəmiyyətli olacaq.

Ali təhsil müəssisələrimiz Baloniya sisteminə uyğun fəaliyyət göstərsələr də, bəzi hallarda xarici ölkələrdə diplomların tanıdılmasında çətinliklər yaşanır. Ancaq yeni tətbiq olunan bu proqram çərçivəsində belə halların qarşısı alınacaq”.

 

Sonda zəruri bir qeydi mütləq əlavə etmək istərdik.

 

Bu gün Ceyhun Bayramovun təhsil naziri təyin edilməsinin iki ili tamam olur.

 

İki il o qədər də uzun zaman kəsimi olmasa da, nazir bu qısa dönəmdə bir çox işləri həyata keçirməyi bacardı. Modern dünya təhsilinin inkişaf meyillərini dərindən izləyən Ceyhun Bayramov verdiyi qərarlarla çağdaş Azərbaycan tədrisinə saysız müsbət rənglər qatmış oldu.

 

Nazirin həyata keçirdiyi tədbirlər arasında ali təhsilin inkişafı da var.  Yazıda adıçəkilən təhsil yeniliyi ilə yanaşı, gələcəkdə atılacaq bir sıra addımların Azərbaycan ali təhsilinin mənzərəsini dəyişməsinə ürəkdən inanırıq.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları