
Təhsil sahəsində son illər həyata keçirilən işlər olduqca təqdirəlayiqdir. Təhsil birmənalı şəkildə hər evdə var. Hər ailədə təhsilin hər pilləsinə aid bir təmsilçi olduğunu nəzərə alsaq, ən böyük elektaratın məhz bu sahəyə aid olduğunu görərik.
Son illərdə atılan addımlar, verilən zəruri qərarlar təhsil və təhsilverənlərin nüfuzunu yüksəlməsi ilə yanaşı, təhsilalanların da maraq və məsuliyyətinin artmasına səbəb oldu.
Görülən fəaliyyətlərin işıqlandırılmasında medianın rolu isə danılmazdır.
AzEdu.az qısa zaman kəsiyində təhsildə baş verən yeniliklər haqqında bu sahədə qələmi olan Təhsil Jurnalistləri Birliyinin üzvləri arasında sorğu keçirib:
Modern.az saytının əməkdaşı Namidə Bingöl təhsilin həmişə diqqət mərkəzində olduğunu qeyd edir:
“Elə ailə tapa bilmərik ki, orada təhsilə bağlılıq olmasın. Azərbaycan təhsili həmişə uğurlar əldə edib. Lakin söhbət son iki ildən gedirsə, müasir texnologiyaları diqqətdən yayındırmaq olmaz.
Beynəlxalq olimpiadalarda şagirdlərimiz uğurları ilə seçilib. Bu da təqdirəlayiq haldır. Digər tərəfdən bütün bölgələr olmasa da, bəzi bölgələrimizdən olan şagirdlərin təhsilə marağı yüksəlib və onlar dərslərini daha yaxşı oxumağa başlayıblar.
Bir məqama diqqət yetirmək istəyirəm ki, son illər gənclərin müəllimlik peşəsinə marağı xeyli dərəcədə artıb. Hətta tanıdığım uşaqlar var ki, tamam başqa bir sahədə təhsil almalarına baxmayaraq, müəllimlik peşəsinə yiyələnmək istəyirlər. Hətta ən ucqar bölgələrimizə gedib orada müəllim işləmək istəyən gənclərimiz də var. Bu da onu göstərir ki, Təhsil Nazirliyi həmin gəncləri üzə çıxarır və mətbuat vasitəsi ilə onları ictimaiyyətə təqdim edir. Əgər 10-15 il qabaq müəllim olmaq istəyənlərin sayı az idisə, hazırda bu rəqəm kəskin şəkildə artıb.
Son iki ildən söhbət gedirsə, müəllimlərin əməkhaqqına da diqqət çəkmək lazımdır. Çünki yaxşı maaş alan müəllimin dərs keyfiyyəti də yüksək olur. Son iki ildə biz bu istiqamətdə artım müşahidə edirik.
Müəllimlər artıq MİQ müsabiqəsi vasitəsi ilə işə qəbul olunurlar. Əvvəllər işə qəbulda görüm-baxım və tanışlıq rol oynayırdısa, hazırda təhsil işçiləri Müəllimlərin İşə Qəbulu imtahanı ilə açıq şəkildə imtahan verirlər.
Eyni zamanda son iki ilə nəzər salanda yeni tipli məktəblərin istifadəyə verilməsini də müşahidə etmək olar. Ən ucqar bölgələrdə olan məktəblərdə Təhsil Nazirliyi ilə bərabər iştirak etmişəm. Orada yeni təhsil müəssisələrinin açılışında olmuşam. Həmin bu tip məktəblər müasir standartlara cavab verir. Artıq şagird və müəllimlər qış aylarında istilik problemi yaşamırlar. Bu da davamiyyətə müsbət təsir göstərir. Ümid edirəm ki, bundan sonra daha da yaxşı işlər həyata keçiriləcək”.
Axar.az saytının əməkdaşı Nərmin Əkbərli təhsillə bağlı davamlı olaraq yeniliklərə imza atıldığını qeyd edir.
“Bu sahədə qəbul edilən qərarların bəzisi son illər öz müsbət nəticəsini göstərib. Məni ən çox sevindirən xaricdə doktorantura səviyyəsində təhsilin maliyələşdirilməsi ilə bağlı dövlət proqramının tətbiqi olub. Bundan başqa ali təhsil müəssisələrinə qəbul qaydalarının iki mərhələli şəkildə aparılması, rus dilində imtahan verənlər üçün Azərbaycan dili fənnindən imtahan vaxtının 45 dəqiqədən 1 saat 30 dəqiqəyə qaldırılması və s. kimi yeniliklər abituriyentlər üçün universitetə daxil olmaq şansını daha da artırıb. Həmçinin, 1-ci sinifə qəbulda bir çox xidmətlərin elektronlaşmasını ən uğurlu addımlardan hesab etmək olar. Bu kimi halların artması "şirinlik"lərin də aradan qalxmasına yol açır”.
"Kaspi" qəzetinin müxbiri Aygün Əziz təhsil sahəsində olan yeniliklərdən söz açıb:
“Mən əsasən Gənclik buraxılışı üçün örnək olan gənc təhsil işçilərini, müəllimləri, uğurlu şagird və tələbələrimizi işıqlandırıram. Deyə bilərəm ki, təhsilimizin uğurlarının sayı getdikcə çoxalıb. Bu sahədə yeni-yeni layihələr təqdim edilib və hətta bu pandemiya dövründə uşaqların təhsildən kənarda qalmaması üçün atılan addımları xüsusi qiymətləndirirəm.
“Virtual məktəb”, teledərslər , çox geniş imkanlar yaradıb. Yəni belə bir çaşqınlıq zamanında bu işləri görə bilmək təqdirəlayiqdir. Çox yeniliklər var, hansı ki bir-bir sadalasam uzun alınacaq. Ən əsası təhsilin əlçatanlığı tam təmin olunub. İnanıram ki daha böyük uğurlar və yeniliklər bizi gözləyir”.
APA informasiya agentliyinin əməkdaşı Günay Elşadqızı təhsil sahəsində son illərdə görülən işləri uğurlu hesab edir:
“Müəllimlərin işə qəbulu ilə bağlı imtahanların keçirilməsi düşünürəm ki, müəllim olmaq istəyən gənclər üçün yaxşı şansdır. Peşə təhsilinə maraq artıb, bu sahədə də uğurlar əldə olunub. Eyni zamanda uşaqlar üçün məktəbəqədər və məktəbəhazırlıq fəaliyyətini çox bəyənirəm. Çox pis şəraitdə olan yüzlərlə məktəbin şagirdi indi daha müasir, gözəl məktəblərdə təhsil alır. Amma təbii ki, hələ görüləsi işlər çoxdur. Təhsil ən vacib sahədir, burada nə qədər böyük uğurlar qazanılsa, bu ölkənin uğurudur. Ancaq hələ də çox təmirsiz, şəraitsiz məktəblər var, xüsusilə də bəzi kənd məktəbləri. Ümid edirəm, yaxın illərdə bütün məktəblərin gözəl şəraitli olar, şagirdlər rahat, gözəl, isti, məktəblərdə təhsil ala bilərlər. Hələ də təhsildən yayındırılan uşaqlar var, ümid edirəm ki, görülən işlər nəticəsində bütün valideynlər uşaqlarını oxutmaq məsuliyyətini dərk edər və Təhsil Nazirliyi də bununla bağlı daha çox iş görər. Hələ də təhsil sahəsində çalışan rəhbər şəxslər arasında cəzalandırılan insanlar varsa, demək ki, hələ də problemlər qalmaqdadır. Dərsliklərlə bağlı problemlərin tam həll olunacağına çox ümid edirəm. Eyni zamanda şagirdlərlə psixoloji cəhətdən daha yaxşı işlər görülməsini istərdim. Təhsil sahəsini çox uğurlu görmək istəyirəm, bu təkcə mənim deyil, bütün vətəndaşların arzusudur. Ümid edirəm ki, arzuladığımız təhsil sahəsinə də nail olacağıq”.
“Azərbaycan məktəbi” jurnalının baş redaktoru Rahil Nəcəf son illər həyata keçirilən tədbirlərdən söz açıb.
“Hörmətli Ceyhun müəllimin və ümumilikdə Nazirliyin həyata keçirdiyi islahatlar, tədbirlər, elmi-praktiki konfranslar, treyninqlər, və s son iki ildə o qədər aktivləşib ki, bu təhsil mövzusu və onun uğurları artıq həyatımızın gündəminə çevrilib. Əvvəllər belə deyildi. Sadəcə bir misalı göstərim: Mənim rəhbərlik etdiyim elmi jurnal – “Azərbaycan məktəbi” artıq dünyada tanınan və Azerbaijan Journal of Educational Studies olaraq dünya pedaqoq alimlərinin məqalələrini verdiyi jurnala çevrilib. İki il əvvəl bu mətbuat orqanı Bakıda belə yaxşı tanınmırdı. Sadəcə köhnə nəslin nümayəndələrinin xatirəsində qalmışdı. Bütün bunların fonunda təhsil camiasının nə qədər operativ fəaliyyət mexanizminin qurulmasını, hadisələrin dərhal araşırılıb ədalətli mövqedən çıxış edərək vətəndaşların mövqeyinin saxlanıldığını çox əminliklə deyə bilərik.
Elnur Məmmədov, Eşqi Bağırov, Cəsarət Valehov və Murad Hüseynov adlarını sadalamağa ehtiyac görmədiyim onlarla təhsil fədailəri sözün əsl mənasında insanlıq - humanizm mövqelərindən çıxış edərək, xalqa təmənnasız xidmət etmək vəzifəsini özlərinin ən ümdə vəzifələri halına gətiriblər.
Mən ümumilikdə hesab edirəm ki, bu işlərin səmərəsi bir gündə bir ayda nəticələnə bilməz. Bu işlərin biz nəticəsini yaxın onillikdə Azərbaycanın ictimai həyatında çox yaxşı görəcəyik və bu işlərin davamlı olmasını arzu edirəm”.
AzEdu.az təhsil portalının baş redaktoru Elmin Nuri son bir neçə ildə təhsil sahəsində görülən işləri bir neçə faktla əsaslandırır:
“AzEdu.az təhsil portalında az qala, iki ilə yaxındır ki, bu sahədə yaşanan hər bir yeniliyi izləyirik. Bu, təbii ki, bizim peşə borcumuzdur, lakin bu müddət ərzində təhsildə yaşananları həm də bir vətəndaş kimi dəyərləndirmək istəsək, müsahiblərimizdən biri olan gənc xanım müəllimin bu cümləsini səsləndirməliyik: “Bu gün artıq hamı müəllim olmaq istəyir. Bu ifadəni məmnuniyyətlə, son bir neçə ilin Azərbaycan təhsilinin ümumi simasına çevirməyi təklif edərdim. Həqiqətən də belə oldu. Xüsusən də son iki ildə müəllim olmaq istəyənlərin sayı durmadan artır.
Aparılan sistemli tədbirlər nəticəsində təhsil sahəsində keyfiyyət göstəricilərinin son illərdə yüksəlməsi, xüsusilə, müəllimlik ixtisasına abituriyentlər arasında diqqətin artması, müəllimlərin işə qəbulunda isə böyük müsabiqə şəraitinin yaranması ilə nəticələnib. 2018-ci ildə 500 və daha artıq bal toplayan məzunlar arasında müəllimlik ixtisasını seçənlərin sayı 2090 nəfər olub. Bu, 2013-cü ilə nisbətən 2,3 dəfə, ötən ilə nisbətən isə 53,6 faiz artım deməkdir”.
Müəllim nüfuzunun və sosial rifahının artması bu müqəddəs peşəyə marağı yenidən artırdı. Hazırda ölkədə 5000-dən çox müəllimin aylıq maaşı 1000 manatdan yuxarıdır. Rəqəmlərin getdikcə müsbətə doğru dəyişəcəyi də kimsədə şübhə doğurmur.
Mənim üçün son iki ilin ən böyük təhsil uğurlarından biri də STEAM təhsilinə diqqətin artırılmasıdır. Bu il 42 məktəbdə 6000-dən çox şagirdi əhatə etməklə Azərbaycan məktəblərində qabaqcıl ölkələrdə geniş vüsət almış STEAM-ın (təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ tədrisi) tədrisinə start verilmişdi. Növbəti il üçün isə 20000 şagirdi əhatə edilməsi planlaşdırılır.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin "STEAM Azerbaijan" layihəsi 2019-2020 tədris ilindən start götürüb. STEAM təhsil metodu 5 əsas disiplinlərin birləşik şəkildə təşkilidir. Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub”.
Son iki ildə doktorantlara, ali, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği də orta hesabla 20 faiz artırılıb, bu tədbirlər 110 mindən çox tələbəni və doktorantı əhatə edib.
Təhsil naziri Ceyhun Bayramovun bu posta təyin edilməsindən sonra həyata keçirilən ən önəmli addımlardan biri də fənn olimpiadalarının nüfuzunun yüksəldilməsi oldu. Yalnız son iki ilə istər Respublika, istərsə də Beynəlxalq Fənn Olimpiadalarına maraq ən azı 5 dəfə artdı. Artıq adıçəkilən hər iki olimpiadalarda yer tutan şagirdlər ali məktəblərə müsabiqəsiz qəbul şansı qazandılar”.
“Şərq” qəzetinin redaktoru Ayyət Əhməd son illər Azərbaycan təhsilində görülən işlər barəsində daha detallı danışır:
“Son illər Azərbaycanın təhsil həyatında müsbətə yönəlik ciddi addımlar atılır, proqressiv qərarlar qəbul olunur. Təhsil mətbəxini az-çox bilən biri kimi qeydə edə bilərəm ki, son illər Azərbaycan təhsilinin Avropanın aparıcı ölkələrinin təhsil sisteminə uyğunlaşdırılması istiqamətində əməli addımlar atılır. İnanıram ki, bu tendensiya davam etdiyi halda Azərbaycan təhsili çağdaş dövrün tələb və standartlarına cavab verən bir ystem kimi formalaşa biləcək. Əlbəttə, təhsil həyatımızda yeniliklər olduqca çoxdur. İlk növbədə kurikulum sisteminin tətbiqi təhsilimizdə bir dönüş yaratdı. Doğrudur, bəziləri bunu təhsilin,tədrisin çətinləşməsi kimi dəyərləndirir. Amma yanılırlar. Təhsil elə çətin olmalıdır. Heç Finlandiya, Fransa və başqa ölkələrin təhsilindən danışmıram. Baxın, qardaş Türkiyənin təhsil sisteminə… Qardaş ölkədə təhsil almaq olduqca çətindir. Ümumiyyətlə, bütün dünyada təhsilin forması budur: təhsil ocaqlarının giriş qapısı genişdir, çıxış qapısı isə dar. Yəni məqsəd diplomluların sayını artırmaq deyil, peşəkar kadrlar yetişdirməkdir. Bax, bu proses artıq bizdə də tətbiq olunmağa başlayıb. Bəzən kurikulum sisteminə etiraz edən müəllimlərə də rast gəlirik. Niyə? Çünki o müəllimlər də üzərlərində işləmirlər. İnternet erasıdır, bütün proqramları internet üzərindən belə əxz etmək mümkündür. Üstəgəl, müəllimlər üçün də kurslar təşkil olunur. Kurikulum sistemini öyrənməyə cəhd göstərsələr, anlayacaqlar ki, bu proqram şagirdin qarşısına bircə çıxış yolu qoyur: oxumaqdan başqa yolun yoxdur, yəni oxumaq , oxumaq, bir də oxumaq! Heyhat ! Bəzən bu düzgün anlaşılmır. Toplum olaraq təqlidə meyilliyik. Bizə təhsil yox, diplom lazımdır. Dövlətə isə sadəcə diplom deyil, kadr lazımdır. Ona görə təhsil sistemində “vint”lərin bərkidilməsi ancaq və ancaq tərəqqiyə yol açacaq.Daha sonra abituriyentlər üçün təşkil olunan qəbul imtahanlarının ildə iki dəfə və iki mərhələdən ibarət olması olduqca müsbət haldır. Yəni hər iki aidiyyəti qurum: Təhsil Nazirliyi və DİM real nəticələri görürlər, boşluqları aydın sezə bilirlər və bu istiqamətdə lazımi qərarlar qəbul edirlər. Üstəgəl, imtahanların iki dəfə olması abituriyentlər üçün olduqca əlverişlidir, əlavə bir şansdır. Bu da gərəkli qərar idi. Daha sonra orta məktəblərdə İT dərslərinin gücləndirlməsi çox yaxşı haldır. Azyaşlıların bağça təhsilindən sonra 1 il hazırlıq kursu keçmələri də vacib məqamdır. Bundan başqa orta məktəblərə qəbulun onlayn formada aparılmasını da müsbət dəyərləndirirəm. Eyni zamanda lap aşağı siniflərdən uşaqlara əcnəbi dillərin tədris olunması da indiki dönəmdə ystemive qərardır”.
A.Əhməd diqqətə çatdırıb ki, müəllimlərin işə qəbulu üzrə MİQ imtahanlarının təşkili də proqressiv addımdır: “Artıq hər şey şəffaf şəkildə həyata keçirilir. Kim istedadına, savadına və intellektinə güvənirsə, meydan açıqdır. Girsin, meydana, dərin erudisiyasını nümayiş etdirsin. Əlbəttə, bu ystem də ölkədə xeyli sayda gənc müəllimin işlə təmin olunmasına gətirib çıxardı. Mən özüm də bu imtahanda gücümü sınamışam. Olduqca şəffaf şəkildə təşkil olunur. Bir daha qeyd edirəm ki, çox yaxşı haldır”.
Jurnalistin qənaətincə, məktəb direktorlarının imtahan yolu ilə seçilməsi təhsil həyatında irəliləyişə səbəb oldu:
“Məlumdur ki, əvvəllər bu işi rayon və ya şəhər icra hakimiyyətləri yerinə yetirirdilər. Yəni nepotizmə yol verərək öz diletant qohum-əqrabalarını direktor təyin edirdilər. Bu da təhsilimizdə acınacaqlı vəziyyət yaradırdı. Amma TN-nin son qərarı bu sahədə də xeyli irəliləyiş yaratdı. Daha məktəblərimizə gənc, intellektual və müasir texnologiyasının üstünlüklərindən faydalana bilənlər rəhbərlik edirlər.
Ümumiyyətlə, yeni təhsil sisteminin yalnız bir məqsədi var: tələbə oxumaqdan başqa çıxış yolunun olmadığını anlayıb, oxusun. Həmçinin əksər ali təhsil ocağının elektron sistemə keçməsi, jurnalların elktronlaşdırılması, müəllimlərin ali məktəbə giriş-çıxışının kartla müəyyən olunması, öyrəncilərə interaktiv formada, slaydlarla dərs keçmək üçün bütün imkanların yaradılması də təhsilimizdəki mütərəqqi məqamlardandır. Bütün bunlarla yanaşı, bir zamanlar hər kəsin etiraz etdiyi rüşvət və korrupsiya hallarının Azərbaycan təhsil həyatından silinməsi olduqca sevindirici haldır. Buna səbəb isə imtahanların insan amilinin iştirakı olmadan, elektron formada təşkil edilməsi oldu”.