
Koronovirus (Covid 19) pandemiyası səbəbiylə bütün tədris mərkəzlərində dərslər müvəqqəti dayandırılıb. Distant təhsil sisteminə keçid edilib.
Həmçinin buraxılış işi hazırlayan son kurs tələbələri elmi rəhbərləri və rəyçiləri ilə onlayn danışıqlar aparırlar. Ənənəvi qaydada keçirilən tədris ilində may ayınadək buraxılış işlərinin ilkin müdafiəsi keçirilirdi. Hazırda bu proses ləngiyir. Xarici ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, pandemiyadan öncə də onlayn müdafiələr(imtahanlar) təşkil olunub.
Bəs Azərbaycanda onlayn qaydada buraxılış işlərinin müdafiəsi keçiriləcəyi təqdirdə tələbələrimiz buna hazır olacaqlarmı? Onlar evdə qaldıqları müddəti necə dəyərləndirirlər?
AzEdu.az buraxılış işi yazan son kurs tələbələrin fikirlərini təqdim edir:
Bakı Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya” fakültəsinin IV kurs tələbəsi Şükufə Məmmədli bildirdi ki, diplom işinin müdafiəsini kafedrada ənənəvi qaydada keçirilməsinin tərəfdarıdır:
“Onlayn tədris barədə fikirlərim müxtəlifdir. Düşünürəm ki, onlayn tədris davamlı olsa təhsil səviyyəsi ölkəmizdə aşağıya düşəcək. Bu mənim müstəqil fikrimdir. Əyani şəkildə öyrədilən biliyin yerini heç nə verə bilməz. Bu fikirlərimdən yola çıxaraq eynilə, diplom işinin də əyani şəkildə kafedralarda müdafiəsini üstün tuturam. Xarici ölkələrdə təhsilə yanaşma fərqlidir. Belə ki, xaricdə, xüsusən inkişaf etmiş Avropa ölkələrində virtual tədris hər zaman mövcud olub. Tələbə dərsdə iştirak etməsə belə virtual şəkildə dərsi izləyib.
Diplom işimi də kafedrada müdafiə etmək istəyərəm. Biblioqrafiyaşünaslıq kafedrasından mövzu götürmüşəm. Rəhbərim hal-hazırda diplom işimi hazırlamaqda və bütün məlumatları əldə etməyimdə onlayn şəkildə kömək edir. Artıq I fəslimi yazıb hazır etmişəm, digər hissələr üzərində çalışıram”.
Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsinin son kurs tələbəsi Elbrus İbrahimov buraxılış işinin müdafiəsinin onlayn qaydada təşkil olunmasına qarşıdır. O, fikirlərini bu cür əsaslandırdı:
“Özümü onlayn şəkildə müdafiəyə hazır hiss etmirəm. Çünki təhsil aldığım 4 il ərzində bu sistemlə tanış olmamışam. Əgər daha əvvəl bu təcrübə ilə qarşılaşsaydım, normal qəbul edərdim. Karantindən əvvəl kafedradan bildirilmişdi ki, mayın əvvəlinədək diplom işini hazırlayıb təhvil verməliyik. Pandemiya səbəbiylə hələ ki dəqiq tarix qeyd olunmayıb. Elmi rəhbərimlə görüşmək, məsləhətləşmək şansım olmadığı üçün çətinlik çəkirəm. Onlayn əlaqə saxlasaq da, real effektini vermir”.
“Kitabxanalar bağlı olduğu üçün diplom işini yazmağa material tapmaq olmur”
“İnternetdən istifadə kitabxana ilə müqayisədə zəiflik təşkil edir. Kitabxanalar hazırda bağlıdır və oraya gedib material toplaya bilmirəm. Fikrimcə, buraxılış işinin hazır versiyasını iyunda təhvil verəcəyik”.
BDU-nun “Kitabxanaçılıq və informasiya” fakültəsinin IV kurs tələbəsi Ləman Əliyeva qeyd edir ki, buraxılış işinin 1 fəslini tamamlayıb digər hissələri üzərində çalışır:
“Əgər xarici ölkələrdə tətbiq olunan onlayn imtahan modeli bizim universitetdə də həyata keçirilsə hazırki pandemiya dövrü üçün çox əlverişli olacaq. Ümumiyyətlə xaricdə təhsillə çox maraqlanıram. Düşünürəm ki, utancaq tələbələr üçün buraxılış işinin onlayn formada müdafiəsi daha əlverişli olar. Çünki onlar geniş müəllim heyətinin qarşısında həyəcan keçirirlər. Diplom işim “Böyük Azərbaycan şairi Nəsimi irsi dünya kitabxanalarında(biblioqrafik icmal)” mövzusundadır. İnanıram ki, vaxtında yazıb hazır edəcəyəm”.
BDU-nun Fililogiya fakültəsinin tələbəsi Musaliyeva Badam artıq buraxılış işini hazır etdiyini və müdafiəyə hazır olduğunu bildirdi:
“Çox istərdim ki, buraxılış işimin müdafiəsini müəllimlərimin qarşısında edim. Mövzum(Azərbaycan folklorunda magiya) elədir ki, danışmağa çox sözüm var. Buna baxmayaraq, şəraitə uyğunlaşmalıyıq. Universitetlərdə dərslər dayandırılması tarixi tam olaraq buraxılış işinin yazılmağa başladığı ərəfəydi. Bu səbəbdən elmi rəhbərimlə canlı danışıqlar apara bilmədik. Ancaq mən bilirdim ki, hər zaman onunla əlaqə saxlaya biləcəm.Rayona gələndə heç bir kitab gətirməmişdim. Onlayn mənbələrdən yararlandım və tapa bilmədiyim vəsaitlərin pdf formatını elmi rəhbərim göndərdi. Dissertasiyamı tam hazır edib elmi rəhbərimə göndərmişəm. Onun yoxlayıb qeydlərini deməsini gözləyirəm. Onlayn şəkildə müdafiənin müsbət cəhəti odur ki, daha az həyəcanlanacam”.