
Bakı, 7 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Biologiya və Sosial elmlər və psixologiya fakültələrinin birgə təşkilatçılığı ilə “Koronavirus pandemiya və epidemiyaları: bioloji və sosial-psixoloji aspektlər” mövzusunda ikigünlük beynəlxalq virtual elmi konfrans işini davam etdirib.
BDU-dan AzEdu.az-a bildirilib ki, konfransda Biologiya fakültəsinin Bitki fiziologiyası kafedrasının dosenti Sevda Tahirli “Koronavirusun yayılmasında region amillərinin rolu”, magistrant-tələbələr “Koronaviruslarla mübarizədə dərman preparatlarının əhəmiyyəti və nanomateriallardan hazırlanmış vasitələrdən istifadə edilməsi perspektivləri” və “Sahib hüceyrə genomunun SARS-Cov-2 virusuna qarşı həssaslığa və SARS-Cov-2 virusunun immun sisteminin hüceyrələrinə təsiri” haqqında məruzə ilə çıxış ediblər.
Beynəlxalq konfransda Türkiyənin Bozok Universitetinin Tibb fakültəsinin dosenti, toksikoloji analizlər və koronavirusla mübarizə məqsədilə yaradılmış laboratoriyanın müdiri Vüqar Türksoy koronavirus pandemiyasına qarşı müxtəlif ölkələrdə aparılan təxirəsalınmaz tədbirlər haqqında geniş məlumat verib, beynəlxalq standartlara cavab verən laboratoriyanın texniki imkanlarından söz açıb. Konfransda universitetlərarası ikitərəfli əməkdaşlığın və birgə layihələrin həyata keçirilməsinin perspektivləri müzakirə olunub.
Tədbirdə Pakistan vətəndaşı, BDU-nun Biologiya fakültəsinin doktorantı Məhəmməd Şoaib virusun inkişafı, yayılması, virus əleyhinə profilaktik tədbirlər kimi məsələlərə aydınlıq gətirib.
Psixologiya kafedrasının müəllimi Kamilə Kazımova “Dünyanın ən böyük psixoloji təcrübələrindən biri: koronavirus pandemiyası”, tələbə Ləman Abdullayeva “Koronavirus pandemiyasının yaratdığı psixoloji problemlər və virusa yoluxmuş psixika haqqında”, Fəlsəfə kafedrasının müəllimi Elmar Hüseynov “Viruslar və fəlsəfə” təqdimatlarını nümayiş etdiriblər.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş beynəlxalq konfrans sualların cavablandırılması ilə işini yekunlaşdırıb.