
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Gəncə Dövlət Universitetinin xüsusi karantin günlərində “Həmrəylik və mərhəmət bəşəriyyətin nicat yoludur” mövzusunda keçirdikləri inşa müsabiqəsi başa çatıb.
AzTU-dan AzEdu.az-a verilən məlumata görə, müsabiqənin şərtlərinə görə, hər universitetdən üç qalib seçilib.
İştirakçılardan koronavirus pandemiyası dövründə ailələrdə yaranan problemlər və həlli yollarını, həmçinin karantin rejimində ailə üzvlərinin gərginlik, qorxu və həyəcan hissindən uzaq olması üçün münasibətlərin tənzimlənməsi formalarını göstərmək tələb edilib.
Təqdim olunan inşalar mövzunun əhatəlilik dərəcəsi, müəllifin yaradıcı münasibəti, bədii üslubun tələblərinə riayət olunması və s. nüanslar nəzərə alınmaqla qiymətləndirilib.
Müsabiqənin nəticələrinə əsasən, AzTU-nun Nəqliyyat və logistika fakültəsinin I kurs magistrantı Günel Nağıyeva 1-ci, İqtisadiyyat və idarəetmə fakültəsinin III kurs tələbəsi Rüfət Hüseynli 2-ci, Energetika, elektrotexnika və avtomatika fakültəsinin I kurs tələbəsi Qəzənfər Həsənov 3-cü yerə layiq görülüb.
Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin III kurs tələbəsi Lamiyə Verdiyeva 1-ci, Riyaziyyat-informatika fakültəsinin III kurs tələbəsi Səbinə Qəhrəmanova 2-ci, Tarix-coğrafiya fakültəsinin III kurs tələbəsi Arif Əsgərzadə isə 3-cü yeri tutub.