İnformasiya-kommunikasiya texnologiyaları sahəsində düzgün peşə seçimi və iş imkanları mövzusunda vebinar keçirilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, vebinar peşə seçimi mərhələsində olan gənclərin maarifləndirilməsi məqsədilə təşkil olunub.
Vebinarda agentliyin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov qeyd edib ki, peşə seçimi gələcəkdə işlə təmin olunmaq mərhələsində böyük əhəmiyyət daşıyır. Təhsilalanlar peşə seçərkən günün tələblərini nəzərə almalıdırlar.
“Microsoft”un təhsil proqramları üzrə meneceri Emin Axundov bildirib ki, bu gün dünyada baş verən proseslərlə əlaqədar əmək bazarının tələbləri də dəyişir. Onlayn fəaliyyət növlərinin aktuallaşması informasiya-kommunikasiya texnologiyaları sahəsində peşələrə daha çox ehtiyac yaradıb. Gələcəkdə informasiya-kommunikasiya texnologiyaları sahəsində məlumatların statistikasının hazırlanması, süni intellekt və informasiya texnologiyalarının təhlükəsizliyini əhatə edən peşələrə daha çox ehtiyac olacaq.
“Cisco” şirkətinin ərazi biznes meneceri Fərid Zeynalov Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən “Cisco Şəbəkə Akademiyası” haqqında ətraflı məlumat verib. Bildirib ki, informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq istəyən mütəxəssislər, bu sahəyə marağı olan tələbələr üçün nəzərdə tutulan “Cisco” Şəbəkə Akademiyasında dərslər şirkətin beynəlxalq proqramına əsaslanır. Şirkət dünyanın 180-dən çox ölkəsində fəaliyyət göstərir və 10 milyondan çox insan proqrama qoşulub.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov mərkəzdəki ixtisaslar, təşkil olunan kurslar haqqında məlumat verib. O, pandemiya dövründə mərkəzdə tədrisin təşkilindən də bəhs edib. Rəşad Xanlarov diqqətə çatdırıb ki, yeni tədris ilində işəgötürənlərin tələblərinə uyğun olaraq tədris olunan fənlər bir daha nəzərdən keçiriləcək.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin “Facebook” və “YouTube” səhifələrində onlayn yayımlanan vebinarda izləyicilərin sualları da cavablandırılıb.