Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-13 13:31:00
X-XI siniflərdə peşə təmayüllü siniflər təşkil ediləcək

Təhsil-əmək bazarı arasında əlaqənin və təhsildən əmək bazarına keçidin təmin olunması sistem qarşısında duran mühüm vəzifələrdən biridir.

 

AzEdu.az xəbər verir ki, bu istiqamətdə Nazirlər Kabineti “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası”nı təsdiq edib.

 

Peşəyönümü xidmətinin məqsədi şagirdlərin peşə və ixtisaslar üzrə tələb olunan bilik, bacarıq və səriştələr barədə vaxtında məlumatlandırılması, onların meyil, maraq və qabiliyyətlərini nəzərə alaraq müvafiq ixtisas və peşə seçiminə yönəldilməsi, onlara peşə məsləhətlərinin verilməsi, karyera planlaşdırılması və ilkin sahibkarlıq bacarıqlarının aşılanmasıdır.

 

Bu xidmət şagirdlərə ali, orta ixtisas və peşə təhsili müəssisələri tərəfindən təklif edilən proqramların və peşələrin seçimində düzgün və şüurlu qərar qəbul etməyə kömək edəcək.

 

Bu məqsədlə şagirdlər arasında diaqnostik testlərin və sorğuların keçirilməsi, onlar üçün yaxın ərazidə yerləşən müəssisələrə ekskursiyanın, peşə həftəsinin təşkili, peşələrə dair oyunların və yarışların keçirilməsi, müxtəlif peşə sahələrinə aid videofilmlərin nümayiş etdirilməsi, peşə seçiminə dair konfransların təşkili, müxtəlif peşə sahələrinin nümayəndələri ilə görüşlərin keçirilməsi və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

 

Buna əlavə olaraq, X-XI siniflərdə peşə təmayüllü siniflər təşkil ediləcək. Bu siniflərdə mövcud əmək bazarı ehtiyacları nəzərə alınmaqla müxtəlif peşə sahələrinə aid modullar tədris ediləcək və şagirdlər peşə təhsili müəssisələrinin təsərrüfat sahələrində və işəgötürən təşkilatlarda təcrübə səfərinə cəlb olunacaqlar. Bu siniflərin məzunlarına tam orta təhsil haqqında attestatla yanaşı peşə istiqamətinin adı göstərilməklə sertifikat veriləcək və onlar peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul ediləcək.

 

Bu prosesin təşkilinə qeyri-hökumət təşkilatları və özəl müəssisələr cəlb ediləcək.