
Azərbaycan və Türkiyə elm adamlarının iştirakı ilə "COVID-19: qlobal dəyişmələr və təsirlərin qiymətləndirilməsi" mövzusunda videokonfrans keçirilib.
Azərbaycan Texniki Universitetinin (AzTU) və Azərbaycan İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin (İİETİ) təşkilatçılığı ilə keçirilən videokonfransda yeni növ koronavirusun iqtisadi və sosial təsirləri müzakirə olunub.
AzTU-dan bildirilib ki, ali məktəbin rektoru Vilayət Vəliyevin moderatorluğu ilə keçirilən videokonfransda hər iki ölkənin bir sıra universitet rektorları, iqtisadçı ekspertləri, alim və siyasətçiləri iştirak ediblər.
Məruzəçilər COVID-19-un dünyaya və regiona təsirini qiymətləndirən təqdimatlarla çıxış ediblər.
V.Vəliyev Azərbaycan və Türkiyənin koronavirusla mübarizə tədbirlərini müsbət dəyərləndirərək bildirib ki, gələcəkdə dünyada fərqli viruslar və oxşar təhlükələrin yaranacağı istisna olunmadığı üçün, bu istiqamətdə ixtisaslı kadr hazırlamaq məqsədilə qardaş ölkə universitetləri ilə əməkdaşlığı daha da artırmaq lazımdır.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Kocaeli vilayətinin millət vəkili Cəmil Yaman deyib ki, koronavirusla mübarizədən ibrət alınacaq dərslər var və tək iki ölkənin deyil, dünya əhalisinin bu mübarizədə ortaq fəallığı vacibdir.
Pandemiya ilə mübarizədə Türkiyənin uğurlu nəticələr əldə etdiyini bildirən millət vəkili AKP-nin səhiyyə sahəsinə çox böyük sərmayə yatırdığını və bu fəaliyyətin müsbət nəticələrinin göründüyünü qeyd edib.