
Prezident İlham Əliyev koronavirus pandemiyasının yayıldığı ilk günlərdə könüllülərin vətəndaşlara dəstəyi üçün çağırış etdi. Dövlətimizin başçısının çağırışına cavab olaraq, Təhsil Nazirliyinin “Bir” tələbə-könüllüləri də “Biz birlikdə güclüyük!” devizi altında birləşərək sosial aksiyalara, kampaniyalara, layihələrə dəstək veriblər.
Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, pandemiya müddətində 35 şəhər və rayonda yerləşən 24 ali və 12 orta ixtisas təhsili müəssisəsini təmsil edən 400-dən çox tələbə-könüllü “Böyüklərimizi qoruyaq”, “Könüllü qonşu”, “Könüllü donor”, “Bir-birimizi qoruyaq!” və vətəndaşların maarifləndirilməsi, sosial xidmətlərin göstərilməsi, ehtiyacların ödənilməsi istiqamətində keçirilən layihələrdə 4500-dən çox könüllülük saatı fəaliyyət göstəriblər.
Tələbə-könüllülərin dəstəyi ilə ölkəmizin müxtəlif şəhərlərində yaşayan aztəminatlı ailələrə xeyirxah sahibkarlar tərəfindən hazırlanan 4000-dən çox ərzaq payı, ölkə daxilindəki tibb müəssisələrinə 2000-dən çox vətəndaşın tələbatının ödənilməsi üçün zəruri olan dərmanlar, Daxili İşlər Nazirliyinin A.Heydərov adına Respublika Hospitalı və Mərkəzi Gömrük Hospitalına COVID-19 pandemiyasından qorunmaq üçün tibbi heyətin istifadəsi məqsədilə 800 ədəd üz sipərləri çatdırılıb.
Tələbə-könüllülərin təşəbbüsü ilə koronavirus pandemiyasında çalışan insanlara həsr olunan “Görünən və görünməyən qəhrəmanlara #birteshekkur” onlayn fləşmobu, insanlarda ruh yüksəkliyi yaratmağı əsas götürən “#hərşeyyaxşıolacaq #yenidən” aksiyası həyata keçirilib. Aksiyalara ümumilikdə 1000-dən çox insan qoşulub, onlayn tədbirlər 25 mindən çox bəyənmə, 40 mindən çox baxış sayı əldə edib.
Pandemiya dövründə dəstək verilən layihələrdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Azərmaş” ASC ilə əməkdaşlıq olunub.
Həmçinin əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlər göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə könüllü hərəkatı və təşkilatlarının təşəbbüsü ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edilib. Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramı da Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin təsisçilərindən biridir.
Xatırladaq ki, Bir” tələbə-könüllü proqramının 23 mindən çox üzvü var. Tələbələrin şəxsi inkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 550-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. Tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.