
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, birinci-beşinci kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.
İmtahanlar ayda iki dəfə avqustdan başlayaraq Bakıda və DİM-in regional bölmələrində keçiriləcək.
AzEdu.az DİM-ə istinadən xəbər verir ki, müsahibələrin onlayn qaydada keçirilməsi nəzərdə tutulur. Müsahibələrin cədvəli müvafiq dövlət orqanları ilə razılaşdırıldıqdan sonra elan olunacaq. İlk növbədə, karantin rejimi ilə əlaqədar təxirə salınmış 32 dövlət orqanı üzrə müsahibələr keçirilməsi planlaşdırılır.
Sertifikatların verilməsi fərdi qaydada bildiriş əsasında həyata keçiriləcək.