
Misirdə bəzi valideynlərin etirazına baxmayaraq, orta məktəblərdə buraxılış imtahanları keçirilib. Yeni növ koronavirus pandemiyasının pik dövründə, ölkədə ölüm və yoluxma hallarının artdığı bir şəraitdə baş tutan imtahanlara 2500 təcilli tibbi yardım maşını və hər məktəbə bir həkim cəlb edilib.
AzEdu.az-ın xüsusi müxbiri Misir paytaxtının mərkəzində imtahan prosesində sıxlıq müşahidə edib. Belə ki, şagirdlərlə birlikdə məktəblərin qarşısına toplaşan valideynlər də çox vaxt sosial məsafə qaydalarına riayət etməyiblər. Lakin imtahana gələnlərin hərarəti ölçülüb və onlar lazımi tibbi ləvazimatla təmin edilib. Temperaturu yüksək olan şagirdlər isə imtahana buraxılmayıb.
Misirdə dövlət və özəl məktəblərdə ümumilikdə 670 min, mədrəsələrdə isə 128 min şagird buraxılış imtahanı verib. Ölkədə COVID-19-a 55 mindən çox yoluxma, 2100-dən artıq ölüm hallarının qeydə alındığı şəraitdə Təhsil Nazirliyi belə bir riskli addım atıb. Nazir Tarik Şevki valideynləri əmin edib ki, hökumət şagirdlərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirləri görüb. Sinif otaqları dezinfeksiya olunub.
Hazırda Misirin ali məktəblərində azərbaycanlı tələbələrin də iştirak edəcəyi semestr imtahanlarının keçirilməsi ilə əlaqədar müzakirələr aparılır.