
Məktəbdənkənar fəaliyyət üzrə “Mənim milli adət-ənənələrim” beynəlxalq onlayn rəsm müsabiqəsi başa çatıb. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilib.
Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqə 3 yaş qrupu üzrə (6-9, 10-13, 14-17) keçirilib. Onlayn beynəlxalq müsabiqəyə Türkiyə, Rusiya, Qazaxıstan, Portuqaliya, Gürcüstan, Qırğızıstan, İtaliya, Bolqarıstan və Azərbaycandan 371 rəsm işi təqdim edilib.
Müsabiqənin münsiflər heyətində Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev, Xalq rəssamları, professorlar Ağəli İbrahimov və Arif Hüseynov təmsil olunublar. Münsiflər heyəti tərəfindən hər yaş qrupu üzrə onlayn platformada qiymətləndirmə aparılaraq I, II və III yerlərin qalibləri müəyyən edilib. Müsabiqənin qalibləri diplomlarla, digər iştirakçılar isə təşəkkürnamələrlə təltif olunublar.