Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-24 14:50:00
Qax və Zaqatala rayonlarında növbəti buraxılış imtahanları başa çatıb

 Dövlət İmtahan Mərkəzinin (DİM) iyunun 24-də qurumun Şəki regional bölməsinin əhatə etdiyi Qax və Zaqatala rayonlarında ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi növbəti buraxılış (qəbul) imtahanları başa çatıb.

 

AzEdu.az-ın məlumatına görə, AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Zaqatala rayonunda 6, Qaxda isə 3 mərkəz ayrılıb. Buraxılış (qəbul) imtahanları Zaqatala şəhərindəki 1, 2 və 3 saylı tam orta, Zərifə Əliyeva adına Texniki təmayüllü lisey, Qazangül qəsəbə və Aşağı Tala kənd 3 saylı, həmçinin Qax şəhərindəki 2, 4 və 5 saylı tam orta məktəblərdə təşkil olunub.

 

DİM tərəfindən pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan binalarında əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, otaqlarda dezinfeksiya işləri aparılıb. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib.

 

İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün proses boyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.

 

Regional bölmədən verilən məlumata görə, imtahanlarda Zaqatala rayonu üzrə 1032, Qax rayonu üzrə isə 519 şagird iştirak edib. İmtahanların idarə olunmasına Zaqatala rayonunda 14 imtahan rəhbəri və 108 nəzarətçi-müəllim, Qax rayonunda isə 7 imtahan rəhbəri və 54 nəzarətçi-müəllim cəlb olunub.

 

AZƏRTAC-ın bölgə müxbiri Qax şəhərindəki 2 saylı orta məktəb-liseydə 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanında iştirak edib. Məktəbdəki bütün imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahan prosesi pandemiya dövrünün tələblərinə uyğun şəkildə təşkil olunub. Bu mərkəzdə buraxılış imtahanı Azərbaycan, rus və gürcü bölmələri üzrə aparılıb.

 

İmtahan rəhbəri Samir Hüseynlinin bildirdiyinə görə, 210 şagirdin iştirak etdiyi imtahanın idarə olunmasına 3 rəhbər və 22 nəzarətçi-müəllim cəlb olunub.

 

Regional bölmənin müdiri Səbuhi Hüseynovun verdiyi məlumata görə, bütün imtahan mərkəzlərində buraxılış (qəbul) imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.