
“Magistr dərəcəsi almaq, elmi fəaliyyətini davam etdirmək istər şəxsi həyatınızda, istərsə də iş həyatınızda hər zaman sizi digərlərindən fərqləndirəcəkdir. Bəzi sektorlarda bu, vəzifə, maaş artımında özünü büruzə verir. Çünki magistr təhsili bakalavr səviyyəsində öyrəndiklərimizin daha geniş, daha izahlı və təhqiqat yönümlülüyü ilə seçilir”.
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Adil Vəliyev söyləyib.
Onun sözlərinə görə, Azərbaycanda tələbələrin çoxu magistratura səviyyəsinə sadəcə diplom almaq üçün sənəd verirlər:
“Təəssüf ki, ölkəmizdə magistr təhsilinə maraq elə də ürəkaçan deyil. Magistratura səviyyəsinə sənəd verənlərin əksəriyyəti sadəcə diplom üçün təhsilini davam etdirmək istəyir desək, yanılmarıq. Kiçik bir faiz isə elmi-pedaqoji fəaliyyətini və ailə vəziyyətini nəzərə alıb, Azərbaycanda magistr olmaq qərarına gəlir .Tələbələrimizlə olan görüşlərdən məndə bu fikir formalaşdı ki, ölkəmizdə magistraturaya marağın azalmasına səbəb bakalavrda keçirilən dərslərin magistr səviyyəsində də təkrar keçirilməsidir. Ancaq nəzərə alınmalıdır ki, xarici ölkələrdə magistr olan bir tələbəni ancaq tədqiqatçı kimi yetişdirməyə, onların öz sahələrinə uyğun təhlil aparma metodlarını öyrənməsinə üstünlük verilir.”
Təhsil ekspertinin fikrincə, magistratura səviyyəsində qiyabi təhsil əvəzinə distant təhsilə keçid daha məqsədəuyğundur:
“Qeyd etmək istərdim ki, fikir vermisinizsə, universitetlər bakalavr qəbulunda etdikləri reklamı magistrlar üçün etmirlər. Təhsil sistemində bu rəqabəti və keyfiyyəti artırmaq üçün müəyyən yeniliklər edilməlidir. Qiyabi təhsilə gəldikdə isə bunu deyə bilərəm ki, magistrlarımızın iş saatları nəzərə alınaraq, dərslər bir çox universitetlərdə 18:00-dan sonra başlayır. Bunun üçün qiyabi təhsil əvəzinə distant təhsilə üstünlük verilməli və keçid etməliyik. Bu təhsilimiz adına müsbət yeniliklər gətirəcək, eyni zamanda yeni rəqabətliliyi üzə çıxaracaqdır”.