
Bu il magistraturaya müsabiqə şərtlərini ödəyən proqram və ixtisaslaşma seçimində iştirak edən 11380 bakalavrdan 8324 (Azərbaycan bölməsi üzrə 7635, rus bölməsi üzrə 689) nəfər respublika ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olunub.
AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, qəbul olunanlardan 3069 nəfəri dövlət sifarişi, 5255 nəfəri isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Müsabiqənin nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul planı 88,38% dolub. 1094 plan yeri (11,62%) boş qalıb.
Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı xarici dil müəllimliyi və filologiya, tərcümə, jurnalistika, kitabxanaçılıq, dinşünaslıq sahələrinə aid 39, 43, 44, 45, 51 saylı proqramlara ayrılmış plan yerlərinin 60%-dən çoxu boş qalıb.
Qeyd edək ki, bu proqamlar üzrə plan yerlərinin dolmayacağı əvvəlcədən məlum idi. Çünki həmin proqramlar üzrə ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı plan yerlərindən az idi.