Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-07 16:56:00
"Dərsliklərlə bağlı agentlik yaradılsın” - TƏKLİF

“Gürcüstanda birinci sinif üçün 5-6 dərslik var. Bizdə isə orta məktəblərdə ancaq bir dərslikdən istifadə olunur, deyirlər ki, bundan başqa heç bir dərslik ola bilməz, ona görə də təhsilimiz, dərsliklərimiz bu gündədir”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O, şagirdlərin dərs yükünün ağırlığını kurrikulum sisteminin tətbiqi ilə əlaqələndirib:

“İlk növbədə qeyd edim ki, son 7-8 ildə Azərbaycan təhsilinin məzmun sahəsi dəyişdirilib. Səbəb isə şagirdlərin yaş xüsusiyyəti və psixologiyası nəzərə alınmadan daxil edilən materiallardır.

2007-2008-ci tədris ilindən Azərbaycan təhsil sistemində ibtidai siniflərdən başlayaraq kurrikulum tətbiq olunmağa başlayıb. Kurrikulumun mənası “yeni yol” deməkdir. Bu proqramda dərsliyin məzmununda yeniləşmə zamanın tələbidir. Çünki dərsliklərimizin məzmununda yeniləşməyə ehtiyac var. Ancaq bu məzmun ibtidai sinif şagirdlərinin və onlara evlərdə dərslərini hazırlamaqda kömək edən valideynlərin qəbul edəcəyi, anlayacağı səviyyədə olmalıdır. Buna görə də dərslərdə, dərs proqramlarında ağırlıq yaranır. Ən çox çətinlik törədən amillərdən biri də kurrikulum yeniliyidir ki, bu, təhsildə daha da ciddi ağırlaşmalara səbəb olub. Üstəlik kurrikulum dərsliklərini tərtib edənlərin kurrikulumun mahiyyətini bilməməsi həm şagirdlərə, həm də müəllimlərə çətinlik yaradır. İlbəil kurrikulum tətbiq edərək təhsili geriyə doğru aparır, nəsillər arasında bilik uçurumu yaradır”.

Onun sözlərinə görə orta məktəb dərsliklərinin dili həddindən artıq ağır və akademikdir:

“Bəzi dərsliklərdə çətin məsələ-misallardan, ibtidai siniflər üçün istifadə olunan dərsliklərdə şivədən, dialekt sözlərdən, uşaqların qavraya bilməyəcəyi şeirlərdən çox istifadə edirlər. Bu da dərsliklərimizin dilinə ağırlıq, akademiklik gətirir. Dərslik elə tərtib edilməlidir ki, uşaq onu bağlayıb kənara itələməsin, əksinə, sevsin. İbtidai sinif şagirdi kitabı üçün darıxmalı, onları sevə-sevə açmalıdır. Ancaq təəssüf ki, bizdə bu baş vermir. Bu problemi alternativlərin olması yolu ilə aradan qaldırmaq olar. Belə olduqda dərsliklər arasından ən yaxşısını seçmək mümkündür. Gürcüstanla yanaşı Almaniya, Türkiyə, ABŞ və başqa bir çox ölkədə çeşid-çeşid dərsliyin içindən biri seçilir, təsdiqlənir. Yəni, nazirlik alternativ dərsliklər istifadəyə buraxır, ən uyğun olanını isə məktəb, müəllim özü seçir”.

Ekspert problemi aradan qaldırmaq üçün xüsusi dərslik agentliyinin yaradılmasını təklif edib:

“Orta ümumtəhsil məktəblərində ümumi orta təhsil səviyyəsi üzrə tədris olunan fənlərin sayı 17-ə qədərdir ki, bu da kifayət qədər çoxdur. İbtidai siniflərdə isə bu fənlərin sayı 11-dir.  Bu say dünyada qəbul edilmiş normalardan çoxdur. Hesab edirəm ki, fənlərin sayını azaltmaq, Avropa və Amerikada olan dərslik yazma təcrübəsindən istifadə etmək lazımdır. Dərslikləri nəşriyyatlar yazmalı deyil, ayrıca dərslik agentliyi yaradılmalı, bir necə alternativ dərsliklər yazılmalıdır. Sonda isə  seçimi məktəblərin, fənn müəllimlərinin ixtiyarına buraxmaq lazımdır”.

Günel Yaşarqızı