Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-08 11:05:06
Məktəblərdə “halallıq pulu” dəbə düşüb

Əgər müəllimlər normal maaş alsa, heç vaxt özünü alçaldıb cəmiyyət, şagirdlər qarşısında gözükölgəli eləməz

Pul yığılmasının əsas səbəbi müəllimlərin maaşının az olması ilə bağlıdır

Orta məktəbdə fond, süpürgə, kağız pulu kimi yığılan vəsaitlərlə hər birimiz rastlaşmışıq. Valideynlər tərəfindən narazılığa səbəb olan bu cür halların qarşısını almaq çətin bir işə çevrilib. İndi isə orta məktəblərdə artıq "halallıq pulu” dəbə düşüb. Bir sıra təhsil müəssisələrində "halallıq pulu” adı ilə 4-cü sinif şagirdlərindən 20-100 manat arasında vəsait yığıldığı iddia edilir. Bununla bağlı valideynlər sosial şəbəkələrdə paylaşım ediblər.
 
Məlumata görə, bu hal əsasən Yeni Günəşlidə yerləşən məktəblərdə (rusdilli məktəblər də daxil olmaqla) dəb halını alıb. Valideynlərin sözlərinə görə, uşaqlardan bu pulun yığılması bir növ "ənənə”yə çevrilib.
 
Sosial şəbəkədə yayılan məlumatlara əsasən, hətta bölgələrdə də "halallıq pulu” yığılır. Xüsusən də, Ucar rayonunda yerləşən məktəblərin adı hallanır. Bildirilir ki, burada "hallalıq pulu” adı altında müəllimlər şagirdlərdən 20-100 manat arasında pul yığırlar. Təhsil Nazirliyi məsələdən xəbərdar olduğunu bəyan edib: "Bununla bağlı bir neçə şikayət gəlib. Artıq məsələ ilə bağlı araşdırmalara başlanılıb”.
 
AzEdu.az xəbər verir ki, təhsil eksperti Nabatəli Qulamoğlunun "Şərq”ə açıqlamasına görə, məktəblərdə pul yığılmasının əsas səbəbi müəllimlərin maaşının az olması ilə bağlıdır. Əgər müəllimlər normal maaş alsa, heç vaxt özünü alçaldıb cəmiyyət, şagirdlər qarşısında gözükölgəli eləməz.
N.Qulamoğlu bu cür işlərdə müəllimin sərbəst olmadığını deyib. Onun sözlərinə görə, məktəb direktorları bundan xəbərsiz olmur və hətta onlar özləri təşkil edir:
 
 "Direktorların arxasında isə icra başçıları dayanır. Məktəb direktorları rəsmi olaraq Təhsil Nazirliyinə tabe olsa da, onları işə icra başçıları təyin edir. Başçılar hər direktorun qarşısına konkret "daskı” qoyur. Bütün cəmiyyət, müvafiq qurumlar bundan xəbərdar olduğu halda onların bu özbaşınalığı cəzasız qalır. Nə qədər ki, cəzasızlıq hökm sürür, o zamana qədər də bu cür yeni-yeni "ixtiralar” olacaq. Ona görə də rüşvət aşkarlanan məktəblərdə bu problemi beşikdə boğmaq lazımdır. Güman edirəm ki, araşdırma aparılsa, məktəblərin 90 faizində bu vəziyyət var. Belə neqativ halların baş verməsi üçün qanunlar kifayət qədər işləməyib. Dövlət məktəblərində islahat adı altında kosmetik dəyişikliklər edirlər. Təhsil verənlə, təhsil alanlar üz-üzə dayandığı halda təhsil islahatı baş tutmuş sayılır. Məktəb direktorları arada "makler” rolu oynadığı müddətcə çox "halallıq pulu” yığılacaq. İllərdir siz araşdırma aparıb, yazmaqdan, biz də açıqlama verməkdən yorulduq, amma bir arpa boyu irəliləyişə nail ola bilməmişik”.
 
Digər təhsil eksperti Nadir İsrafilov isə məktəblərdə hər hansı bir məqsəd üçün pul yığılmasının qəti surətdə qadağan edilməsini vacib hesab edir: 
 
"Bu istiqamətdə müəyyən bəyanatlar və çıxışlar olsa da, bunun problemin həllinə heç bir xeyri yoxdu. Dəfələrlə Təhsil Nazirliyi tərəfindən xeyli sayda əmrlər və göstərişlər verilib. Müəllimlər günü və 8 Mart ərəfəsi Təhsil Nazirliyi rəsmi qaydada göstərişlər verir və bu halın normal olmadığını nəzərə çatdırır. Müəyyən profilaktik işlər görülsə də, məsələ olduğu kimi öz yerində qalır. Bir zamanlar pul yığma üçün süpürgə pulunu əsas göstərirdilərsə, artıq bu üsul dəbdən düşüb. Pul yığılması üçün müxtəlif səbəbləri əsas göstərərək sui-istifadə edirlər. Bu hallarla bağlı müxtəlif vasitələr və üsullar axtarıldı. "Müəllim, şagird və valideyn assosiasiyası” deyilən bir qurum yaradıldı. Sonra müəyyən söhbətlər ortaya çıxdı ki, artıq pul müəllimlər tərəfindən deyil, rəhbərliklə valideynlər tərəfindən yığılır. İndi isə belə bir məsələ gündəmdədir ki, bu assosiasiya özünü doğrultmur və "Valideyn icmaları” adlı yeni bir qurum yaradılır. Hər halda bu, xoşagəlməz bir haldı. Pul yığımı rüşvətdi və bizim cəmiyyət üçün yaxşı deyil”.