
Bu gündən rus dili və biologiya fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir.
İmtahanda bir çox namizədlər yüksək nəticə göstərərək vakant yer seçimində iştirak etmək hüququ qazanıb.
Onlardan bəziləri təəssüratları AzEdu.az-la bölüşüblər:
Fidan Məmmədova biologiya ixtisası üzrə 57 bal toplayaraq vakant yer seçimində iştirak etmək hüququ qazanıb.
Gəlin, onu bir az yaxından tanıyaq:
“2012-2016 Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr pilləsini, 2016-2018 Bakı Mühəndislik Universitetinin magistr səviyyəsini bitirmişəm. 2018-ci ildə MİQ-də 50 bal topladığm üçün vakant yer seçimindən imtina etdim”.
Müəllim namizəd MİQ-dəki yeniliklərdən söz açıb.
“Çox sevindirici haldır ki ,sehvlərimizi görə bilir və özümüzü qiymətləndirmək şansı əldə edə bilirik. Bu gün 10 deqiqemi sonuna qədər dəyərləndirərək səhv suallarla tanış oldum.
Testlərin çətinlik səviyyəsi dersliklərimizə uyğun şəkildə tərtib edilmişdi. Gigiyenik qaydalara tam olaraq riayət olunurdu”.
Fidan Məmmədova imtahana necə hazırlaşmasından danışıb.
“Özüm evdə hazırlaşdım. Məntiq çox sevdiyim sahə olduğuna görə mənə onun çıxarılması fərq etmədi.
Gələcəkdə kurikulum üsulu ilə ders tədris etməyi qarşıma məqsəd qoymuşam. Şagirdləri öyrətmək deyil, eyni zamanda onların inkişafı üçün şəxsiyyətyönümlü kurikulum qaydaları çərçivəsində onların potensial maraqlarını nəzərə alaraq tapşırıqlar verib, fəaliyyətlər təşkil etməyi planlayıram.
Dövrün ən vacib tələbi olan təfəkkürün her 3 növünü şagirdlərdə inkişaf etdirəcəm”.
Müsahibimizə görə əsl müəllim obrazı bu şəkiıdə olmalıdır.
“İdeal müəllim təkcə öyrətməli deyil, şagirdlərə hər mövzuda dəstək olaraq onların inkişafı üçün yüksək gözləntilər, yaxşı vərdişlər vəd edən şəxsiyyət olmalıdır.
MİQ-ə hazırlaşanlara demək istəyirəm ki, ezberçiliklə deyil, dərk etməklə beyninizde yaranan hər suala cavab axtarmağa çalışın”.
Digər namizəd Yeganə Musayeva da biologiya ixtisası üzrə 54 bal toplayıb.
Onu da yaxından tanıyaq:
“2011-ci ildə Gəncə Dövlət Universitetinin biologiya müəllimi ixtisasina daxil oldum. 2016-cı ildə oranı bitirdim, sonra 2017-2019 ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiyanın Tədrisi Metodikası və Metodologiyası üzrə magistr təhsili aldım. 2018-də ildə MİQ-də iştirak edərək 50 bal topladım. Bu nəticə məni qane etmədiyi üçün yenidən MİQ-də iştirak etməyi planlaşdırdım. 2020-ci ildə müəllimlərin işə qəbulunda iştirak edərək 54 bal topladım”.
Gənc müəllim namizəd yeniliklərdən söz açıb.
“Səhv cavablara baxmağa imkan yaradılması çox gözəl bir ideya oldu. Bütün sanitar-epidemioloji qaydalara diqqətlə əməl edilirdi. Suallar asan, orta və çətin səviyyələrdə idi. Vakant yer olaraq Bakı ərazisini seçməyi düşünürəm”.
Yeganə Musayeva imtahana necə hazırlaşmasından danışıb.
“MİQ-ə fevral ayından sonra özüm hazırlaşmağa başladım. İyuldan sonra isə onlayn dərslər vasitəsi ilə biliklərimi inkişaf etdirdim. Magistr təhsili aldığım üçün məntiq savadım var idi. Lakin onun çıxarılması imtahanın asanlaşmasına səbəb oldu”.
Həmsöhbətimiz həm də anadır.
“Ana olduğum üçün balım nisbətən aşağı oldu. Çünki vaxtımın bir hissəsini övladıma ayırmağa çalışırdım. Lakin buna baxmayaraq yüksək nəticə əldə etdim”.
Müsahibimiz gələcəkdə olan müəllim idealından danışıb.
“Kurikuluma əsaslanan fəal təlim metodundan istifadə etmək istəyirəm. Tam ixtisaslı və savadlı müəllim kimi uşaqlarla ünsiyyət qurmağa çalışacam. Hər zaman şagirdləri başa düşən müəllim olmaq istəyirəm”.
Yeganə Musayeva müəllim olmaq istəyənlərə bir sıra məsləhətlər verib.
“MİQ-ə hazırlaşanlara demək istəyirəm ki, əzmlə çalışsınlar. İnsanın əməyi heç vaxt itmir. Nəyi oxuyuruqsa, o da imtahana salınır. Yəni kitabdan əlavə qeyri şeylər düşmür. Hazırlaşanlar heç vaxt ruhdan düşməsinlər. Kənardan deyilən sözlərə baxmayaraq insan əməyinin qarşısını hər zaman alır”.
Müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edirik!