
Peşə Təhsilinin İnkişafı Fondunun nizamnamə fondunun məbləği bir milyon manatdır. Fondun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, peşə təhsili müəssisələrinin əldə etdiyi büdcədənkənar vəsaitdən ayırmalardan, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən yerli və xarici investisiyalardan və qanunla qadağan edilməyən digər mənbələrdən əldə edilən vəsaitdən formalaşır.
AzEdu.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində PeşəTəhsilinin İnkişafı Fondunun yaradılması haqqında” qərarında öz əksini tapıb.
Qərarda göstərilir ki, fond öz əmlakından yalnız nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri həyata keçirdikdən sonra fondun, onun idarə, filial və nümayəndəliklərinin, təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir. Fondun mənfəəti nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Nazirlər Kabinetinin qərarı ilə müvafiq olaraq dövlət büdcəsinə və ya yerli büdcəyə köçürülə bilər. Fondun məhsullarının - malların, işlərin, xidmətlərin qiymətləri tənzimlənən qiymətlərə - tariflərə aid deyil.