Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-19 13:05:00
"Şagirdlərə sosial statusundan aslı olmayaraq eyni  yanaşmaq lazımdır-MİQ-də yüksək nəticə göstərənlər  

 

14 avqustdan müəllimlərin işə qəbulu imtahanlarına start verilib.

 

 

İmtahanda bir çox namizədlər yüksək nəticə göstərərək vakant yer seçimində iştirak etmək hüququ qazanıb.

 

 

Onlardan bəziləri təəssüratları AzEdu.az-la bölüşüblər:

 

 

Samirə Nadirli biologiya fənni üzrə 57 bal toplayaraq yüksək nəticə göstərib.

 

 

Gəlin, onu yaxından tanıyaq:

 

 

“Orta təhsilimi Sumqayıtda yerləşən Təbiət elmlər tamayüllü gimnaziyada almışam. Ali təhsilimi  2012-ci ildə qəbul olduğum ADPU-nun kimya-biologiya fakültəsi üzrə, magistranturanı isə 2016-cı ildə ADPU-da  Biologiyanın tədrisi metodikası və metodologiyası fakültəsi üzrə bitirmişəm. MİQ-də ilk dəfə  özümü sınamaq məqsədi ilə 2018-ci  ildə iştirak edib 43 bal topladım. Bu il  isə işə qəbul olmaq üçün çalışaraq 57 bal toplaya bildim”.

 

 

Müəllim namizəd MİQ-lə bağlı fikirlərini bölüşüb:

 

 

“Pandemiya şəraitində bizlər üçün tam şəffaf və epidemioloji qaydalara riayət olunmaqla imtahan təşkil etdiklərnə görə Təhsil nazirimiz Emin müəllimə və bu işdə əməyi olan hər kəsə təşəkkürmü bildirirəm.  Bu ilki MİQ-də işləyən və ikinci iş yeri istəyən müəllimlərin imtahana buraxılmaması  mənim kimi işsiz müəllimlərin yüksək bal toplayıb işlə təmin olunmalarına şərait yaratdı. Amma rayonlarda olub şəhərə yerdəyişmə etmək istəyən müəllimlər  əziyyət çəkib imtahana hazırlaşmışdılar. Onların imtahana az müddət qalmış  buraxılmaması yaxşı hal olmadı. MİQ imtahanından məntiqin çıxarılması çox düzgün  addım idi”.

 

 

Samirə Nadirli müəllim idealının necə olmasından bəhs edib:

 

 

“Müəllimlər öz ixtisası üzrə bilikli olması ilə yanaşı şagirdlərlə düzgün münasibət qurub, müasir texnalogiyalardan istifadə edərək dövrümüzün tələblərinə uyğun dərs keçməyi də bacarmalıdılar. Gələcəkdə kurikulum sistemi üzrə dərs keçib savadlı kadr yetişdirməyi özümə məqsəd qoymuşam. Buna görə də imtahanda ixtisasla yanaşı kurikulumun və situasiya tipli tapşırıqların olması məni çox sevindirdi. Mən buna təhsilimin bir uğuru kimi baxıram.

 

 

İmtahanda suallar hər üç səviyyə üzrə salınmışdı. Suallar düşündürücü şəkildə praqrama uyğun tərtib olunmuşdu”.

 

 

Müsahibimiz imtahana necə hazırlaşmasından danışıb:

 

 

“İmtahana dərsliklər, müxtəlif mənbələrdən olan kitab və testlərdən istifadə edərək hazırlaşmışam.

 

 

Hər uğurun arxasında çətinliklər olduğu kimi mənimdə bu yolda çətinliklərim oldu. Əsasda iki körpə uşağımın vaxtlarından çalaraq bu imtahana hazırlaşmışdım. Çox şükür  əziyyətim yerdə qalmadı. İmtahanda uğur qazanan hər bir şəxsi təbrik edirəm. Bundan sorada imtahan verən hər kəsə uğurlar arzuluyuram. İnşallah hər kəs çəkdiyi əziyyətin bəhrəsini görər”.

 

 

Ülkər Həsənova Azərbaycan dili və ədəbiyyat fənnindən 55 bal toplayaraq yüksək nəticə göstərib:

 

 

“1988-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. 1995-ci ildə Sumqayıt şəhər Nizami Gəncəvi adına Texniki təbiət elmlər liseyinin 1-ci sinifinə qəbul olmuşam. 2006 -cı ildə həmin məktəbi bitirib Azərbaycan Müəllimlər İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universitetinin)  "Azərbaycan dili və ədəbiyyati" ixtisasına daxil olmuşam. 2010- cu ildə oranı bitirmişəm. Sumqayıtın tanınmış kursları olan "Hədəf" ,"Unikal",  və “İrşad" da işləmişəm. MİQ-də əvvəllər də iştirak edərək  47 və 49  bal toplamışam”.

 

 

Ülkər xanım bu il MİQ-də olan yeniliklərdən söz açıb:

 

 

“Bu il miq-də olan deyişiklikler ürək açan idi. Məntiqdən heç bir problemim olmasa da , onun  çıxarılmasına çox sevindim. Hər seansda fərqli suallar olsa, daha da yaxşı olar. Bu suallarin yayılmasının qarşısını alar.

 

 

Suallar heç də asan deyildi. Kifayət qədər düşündürücü və diqqət tələb edirdilər.

 

 

İmtahanda sanitar-epidemioloji qaydalara tam şəkildə əməl olundu. Heç bir problem yaşanmadı və hər şey tam şəffaf qaydada keçirildi.

 

 

Vakansiya seçimində Sumqayıt şəhərini seçərək "Azərbaycan dili və Ədəbiyyat" müəllimi kimi çalışmaq istəyirəm”.

 

 

Müsahibimiz müəllimlik peşəsinə olan sevgisindən söz açıb:

 

 

“Mən müəllim olmaq üçün doğulmuşam. Bu ixtisası sevə-sevə seçmişəm. Arzum həmişə müəllim olmaq olub. Gələcək fəaliyyətimdə  vicdanlı  və dürüst şəkildə fənnimlə baglı hər bir məsələni dəqiqliklə öyrədəcəyimi düşünürəm. Şagirdləri vətənpərvər ruhda tərbiyə etməyi qarşıma məqsəd qoymuşam. Mənim fikrimcə, təlimdə hər bir şagirdə bərabər imkan yaradılmalıdır ki, istedad və qabiliyyətləri, potensial imkanlari üzə çıxsın. Bunun öhdəsindən layiqincə gələcəyimə əminəm.

 

 

MİQ-ə aylarımı sərf edərək, gecə-gündüz demədən, körpə uşaqlarım olmasına baxmayaraq maksimum gücümü sərf edərək  hazırlaşdım.

 

 

Gələcəkdə şagirdlərimə yeni təlim metodları ilə dərs keçməyi düşünürəm”.

 

 

Ülkər Həsənova müəllim obrazını belə canlandırır:

 

 

“Müəllim obrazı qayğıkeş, səbirli, savadlı, şagirdləri ilə empatiya qurmağı bacaran, bildiklərini  lazımınca çatdıra bilən, onlara cinsindən, sosial statusundan asılı olmayaraq eyni səviyyədə yanaşan, sözü ilə əməli bir-birini tamamlayan, humanist, məsuliyyətli, vicdanlı, tələbkar bir şəxsiyyət olmalıdır.

 

 

MİQ-ə hazırlaşanlara tövsiyəm budur ki, bu çətin və məşəqqətli yolda səbirli, əzmli və iradəli olsunlar. Arzularına gedən yolun maksimum çalışmaqdan və oxumaqdan keçdiyini unutmasınlar”.

 

 

Bərdə rayon Böyük Göyüşlü kəndinin sakink Validə Murquzova Azərbaycan dili və ədəbiyyat fənindən 57 bal toplayıb:

 

 

“2014-2018-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcəbədi filialının Azərbaycan dili və ədəbiyyat müəllimliyi fakültəsini bitirmişəm. 2019-cu ildə MİQ-də iştirak edərək 46 bal topladım, amma az nəticə olduğu üçün ixtisas seçimində iştirak etmədim”.

 

 

Müəllim namizəd MİQ-də olan yeniliklərdən söz açıb:

 

 

“İmtahanda olan yeniliklərdən biri də nəzəriyyələrə daha çox üstünlük verilməsi ilə bağlı idi. Metodika və ixtisasdan olan suallar rahat şəkildə idi. Çox oxuduğum üçün sualların cavablandırılmasında çətinlik çəkmədim. 3 aydı dayanmadan hazırlaşırdım. Məntiqdən ötən il 7 sualı düzgün cavablandırsam da, onun çıxarılmağı məni sevindirdi. Düşünürəm ki, bizə əsas ixtisas və metodika lazımdı. Vakant yer seçimində isə Bərdə rayonu üzrə olan yerləri seçmək fikrim var.

 

 

İmtahan çox yaxşı təşkil olunmuşdu və qaydaların hamısına riayət olunurdu”.

 

 

Müsabiqədə  iştirak edən bütün namizədlərə uğurlar arzu edirik!

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları