Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-19 14:25:00
Peşə təhsilinin inkişaf etdirilməsində işəgötürənlərlə əməkdaşlıq mühüm rol oynayır

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində işəgötürənlərlə əməkdaşlıq və yaradılan iş imkanları mövzusunda vebinar keçirilib.

 

AzEdu.az xəbər verir ki, vebinarda mərkəzdə təhsil almağın üstünlükləri və yaradılan iş imkanları müzakirə olunub.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov qeyd edib ki, peşə təhsilinin inkişaf etdirilməsində işəgötürənlərlə əməkdaşlıq mühüm rol oynayır. Peşə təhsili müəssisələrinin məqsədi işəgötürənlərin tələblərinə tam cavab verən kadrlar yetişdirməkdir. Əmək bazarında ehtiyac duyulan peşələrin müəyyənləşdirilməsində isə işəgötürənlərlə əməkdaşlıq vacibdir.

 

Zamin Bədirxanov peşə təhsili müəssisələrinə qəbul haqqında ətraflı məlumat verib. O bildirib ki, sənəd qəbulu avqustun 24-dək elektron qaydada həyata keçiriləcək. Peşə təhsili müəssisələrinə qəbul üzrə müsabiqədə iştirak etmək istəyən şəxslər Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin Elektron sənəd qəbulu altsistemində (http://qebul.vet.edu.az/) ərizəni doldurmalıdır. Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılacaq. Qəbul prosesində hər namizədə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılacaq. Zamin Bədirxanov diqqətə çatdırıb ki, 2020/2021-ci tədris ilində peşə təhsili üzrə qəbul üçün 18 min 260 yer ayrılıb. Ayrılan yerlərdə 11 min 40 nəfər dövlət büdcəsi hesabına, 7220 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Bu il ilk dəfə tələbə qəbul prosesində işəgötürənlərlə birgə ikili proqramlar tətbiq olunacaq. Peşə təhsili almaq istəyənlər arasında ən çox üstünlük verilən ixtisaslar, məhz işəgötürən müəssisələrlə birgə həyata keçirilən ikili proqramlardır. Müsabiqənin nəticələri avqustun 25-də elan ediləcək və qəbul olunan namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrələrinə SMS gələcək.

 

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Reyhan Məmmədova müəssisədə təhsil almağın üstünlüklərindən bəhs edib. Vurğulayıb ki, mərkəzdə maddi-texniki baza yüksək səviyyədədir.

 

O qeyd edib ki, mərkəz tərəfindən davamlı olaraq peşəyönümü istiqamətində tədbirlər həyata keçirilir. Qəbul nəticələrindən aydın olur ki, aparılan işlər öz müsbət bəhrəsini verir. Mərkəzə 21 ixtisas üzrə qəbul aparılır: “Bu il ilk dəfə tətbiq olunan elektron qəbul sistemi ilkin mərhələdə çətinlik yaratsa da. son iki gündə mərkəzimizə kütləvi qeydiyyat aparılıb”.

 

“Qafqaz Qəbələ Sport” otelinin icraçı meneceri Elsevər Məmmədov deyib: “Biz mütəmadi olaraq peşə təhsili mərkəzinin əməmdaşları ilə müzakirələr aparırıq. Müəssisəmizə lazım olan mütəxəssislər haqqında məlumat veririk. Hazırda pandemiya ilə bağlı elan olunan xüsusi karantin rejimində müəssisəmiz fəaliyyət göstərmir. Ona görə də tələbələrin təcrübə keçməsinə ara vermişik. Ancaq pandemiyadan əvvəlki dövdə həm agentliklə, həm də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə sıx əməkdaşlığımızın nəticəsi olaraq tələbələrin təcrübə keçməsi üçün imkan yaratmışdıq. Hətta təcrübə keçən tələbələrə iş imkanları da yaradırdıq”.

 

“Aqro Kompleks Qəbələ” MMC-nin direktor müavini Sərxan Allahverdiyev məlumat verib ki, çalışdığı müəssisə 5 ildir mərkəzlə əməkdaşlıq edir: “Sevindirici haldır ki, kənd təsərrüfatına maraq göstərən tələbələrin sayı çoxdur. Müəssisəmiz ən yeni texnika və texnologiyalarla təchiz edilib. Tələbələr təcrübə müddətində qalmaq üçün yerlə və yeməklə təmin olunurlar. Onlar müəssəmizin peşəkar kadrlarının yanında təcrübi biliklərini artırırlar”.

 

O vurğulayıb ki, “Aqro Kompleks Qəbələ” MMC yerli peşəkar kadrların hazırlanmasında və işlə təmin olunmasında maraqlıdır. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin 15 tələbəsi müəssisədə işlə təmin olunub.

 

“Savalan ASPİ Winery” MMC-nin direktor müavini Cahangir Şərifzadə diqqətə çatdırıb ki, şərabçılıq və üzümçülük istiqamətindəki ixtisaslara tələbat yüksəkdir. Əmək bazarında olan tələbata əsasən demək olar ki, bu gün şərabçılıq və üzümçülük sahəsində nəzəri və praktiki bacarıqlara yiyələnmiş tələbələrin işsiz qalmaq ehtimalı çox aşağıdır.

 

Vebinar Peşə Təhsili üzrə Dövlət Agentliyinin “YouTube” və “Facebook” səhifələrində canlı yayımlanıb, izləyicilərin sualları cavablandırılıb.