Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-11 13:19:00
Sloveniyada təhsil alan azərbaycanlı gənc: Məqsədim ölkəmizdə kənd təsərrüfatının inkişafına töhfə verməkdir  

Son illər beynəlxalq əlaqələrini genişləndirən Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Avropanın aparıcı ali təhsil ocaqları ilə tələbə mübadiləsi proqramını həyata keçirir. Beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində reallaşdırılan bu proqramdan faydalanan tələbələrdən biri də ADAU-nun aqronomluq fakültəsinin tələbəsi Cavidan Ağazadədir.

AzEdu.az AZƏRTAC-a istinadən məlumat verir ki, o, Sloveniyanın Nova Goritsa Universitetində təhsil almaqla yanaşı, Azərbaycanı uğurla təmsil edir. Təhsil aldığı müddətdə təcrübəli mütəxəssislər tərəfindən aparılan dərslərdə fəallıq göstərən C.Ağazadə müəllimlərinin sevimlisinə çevrilib.

C.Ağazadə bildirib ki, Nova Goritsa Universitetində bilik və təcrübələrini tətbiq etmək üçün tələbələrə hər cür şərait yaradılır. O deyib: “Məqsədim torpaqların səmərəli idarəedilməsi, yaşıl iqtisadiyyat, ətraf mühitin qorunması və bu kimi digər istiqamətlərdə biliklərimi artıraraq Azərbaycanda kənd təsərrüfatının innovativ inkişafına töhfə verməkdir. Hazırda ətraf mühit və ekoloji problemlərinin aradan qaldırılması üzrə tədqiqatlarımı davam etdirirəm. Təhsil aldığım müddətdə kənd təsərrüfat sahəsinin müxtəlif istiqamətlərində araşdırmalar apararaq auditoriyalarda təqdimatlarla çıxış edirəm. Son təqdimatım kənd təsərrüfatı sahəsində innovasiyaların inkişafı və tətbiqi, gənclərin sahibkarlıq vərdişlərinin və özünüməşğulluq imkanlarının inkişaf etdirilməsi, qazanılan biliklərin tətbiq imkanlarının genişləndirilməsi və digər məsələləri əhatə edib”.

Qeyd edək ki, 1995-ci ildə təsis edilən Nova Gorica Universiteti Sloveniyanın qərbində - İtaliya ilə sərhəddə yerləşir. Beş fakültə, altı laboratoriya və altı tədqiqat mərkəzindən ibarət olan bu ali təhsil ocağında hər bir tələbə fərdi innovativ tədqiqata cəlb edilir.