Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-20 16:53:00
MİQ-ə bal toplamağa görə yox,müəllim olmağa getdim-Yüksək nəticə göstərən namizəd  

 

Son günlər təhsil ictimaiyyətinin əsas diqqəti müəllimlərin işə qəbul imtahanlarına yönəlib.

 

 

Minlərlə müəllim namizəd işə qəbul olunmaq üçün özlərini sınayır. Onlardan bir çoxu yüksək bal toplayaraq, vakant yer seçimində iştirak etmək hüququ əldə edib.

 

 

Bu yüksək nəticəni əldə edən namizədlərdən biri olan Fatimə Baxşəliyeva Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə 58 bal toplayıb.

 

 

Lakin bu namizədin məqsədi heç də yüksək bal toplamaq olmayıb. Onun ən böyük istəyi şagirdlərimizi ziya işığı ilə nurlandırmaq olub. Heç şübhəsiz ki, Fatimə xanım elə 1-ci sinifdən müəllim,5-ci sinifdən isə Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyib. Onun uşaqlıq da, gənclik də arzusu elə müəllim olmaq idi. Başqa heç nə.....

 

 

Uşaqları çox sevməsi və özünü hər zaman onların əhatəsində görmək istəyən müəllim universitetə də bu şövqlə hazırlaşıb.

 

 

Gəlin, onu bir az öz dilindən tanıyaq:

 

 

“2015-2019-cu illərdə Azərbaycan Dillər Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasını bitirmişəm.Bu il ilk dəfə MİQ-də iştirak edərək 58 bal topladım”.

 

 

Bu il MİQ öz yenilikləri ilə bir çox namizədlərin üzünü güldürüb. Elə Fatimə Baxşəliyeva da bu tədbirlərdən çox razıdı:

 

 

“Bu il MİQ-də olan dəyşiklikləri çox yüksək qiymətləndirirəm. Çünki müəllim üçün kurikulum, uşaqlarla necə ünsiyyət qurmaq və rəftar etmək ona verilən məntiq suallarından daha vacibdi.

 

 

İlk dəfə səhv etdiyimiz suallara baxmaq imkanı yaradıldı. Bununla da biz səhvlərimizə baxaraq nəyi yalnış etdiyimizi bildik.

 

 

Məntiqin çıxarılmasının imtahanı asan etdiyini deyə bilmərəm. Çünki mən əvvəllər MİQ-də iştirak etməmişdim. Lakin bu qərarın yerində verilmiş addım olduğunu düşünürəm”.

 

 

Gənc müəllim namizəd sualları çətinlik səviyyəsinə görə qruplaşdırarkən namizədlərin hazırlıq səviyyələrini əsas götürür:

 

 

“Sualların çətinlik səviyyəsinə gəldikdə isə hər şey  müəllim namizədin hazırlıq səviyyəsindən aslıdır. Toplanılan ballara baxdıqda yüksək və aşağı nəticə göstərənlərin olduğunu müşahidə edirik. Hazırlıq səviyyəsi yaxşı olduqda suallar insana normal  gəlir. Düşünürəm ki, suallar mənə görə normal idi. Şükürlər olsun ki,  çoxunu cavablandıra bildim”.

 

 

Bu il bütün dünyanın axarını dəyişdirən pandemiya MİQ-in də əvvəlki illərdən fərqli təşkilinə şərait yaradıb:

 

 

“Sanitar-epidemioloji qaydalara çox ciddi şəkildə əməl olunmuşdu. Hər bir namizədin qızdırması ölçülür, əlləri dizinfeksiya edilirdi. Sosial məsafə tam şəkildə qorunurdu. İmtahan verdiyimiz məktəbdə hər şey çox gözəl təşkil olunmuşdu.

 

 

Vakant yerlərin hələ ki, çıxmağını gözləyirəm. Bakı məktəblərindən birinə düşməyi arzu edirəm”.

 

 

Müsahibimiz MİQ-ə hazırlaşarkən yüksək bal toplamağı deyil, yaxşı müəllim olmağı qarşısına məqsəd qoyub:

 

 

“Məndə hamı kimi yüksək nəticə əldə etməyi qarşıma hədəf qoymuşdum. Müəllimlərimizdən biri bizə hər zaman deyirdi ki, MİQ-ə bal yığmağa görə yox, müəllim olmağa görə gedin. Mənim də imtahana gedərkən məqsədim müəllim olmaq idi. Uşaqları çox sevirəm. İxtisasımı oxumaq mənə əziyyət vermirdi. Çünki bilirdim ki, çatmaq istədiyim hədəfə gedən yolda kitablar mənim yoldaşım və köməkçim idilər.

 

 

MİQ-ə hazırlaşmağa aprelin 20-dən başladım. Bu müddət pandemiya dövrünə düşdüyü üçün kursa gedə bilmədim. Lakin onlayn kurslara qoşuldum. Burada müəllimlər bizim emailimizə videolar göndərir və biz onlara baxaraq testlərimizi işləyirdik.Sualımız olduğu halda isə müəllimlərə müraciət edirdik”.

 

 

Fatimə xanım gələcəkdə necə müəllim olmasından söz açıb.

 

 

Bunları eşitdikcə bir çoxunuz elə onun dərs dediyi sinifdə yenidən şagird olmaq istəyəcəksiz:

 

 

“Gələcək fəaliyyətimdə kurikulumda olan üsullardan istifadə etməyi nəzərdə tuturam. Bizim təhsil sistemimizdə kurikulum əvvəllər tam inkişaf etməmişdi. Amma son illərdə kurikulumu mənimsədiyimizi görürəm. Biz 4-cü kursdan kurikulumu keçməyə başladıq. Praktikamız pandemiya dövrünə düşdüyü üçün cəmi 2 həftə baş tutdu. Praktikaya getdiyimiz zaman müşahidə etdim ki, kurikulumda deyilən çox nüanslar məktəblərdə yoxdu. Orada potensialı yüksək olan şagirdlərimizə inam yaradılmayıb deyə onlardan bəziləri geri çəkilir. Bizim iki həftəlik çox qısa bir praktika dövrümüzdə mən 6-cı sinifdə dərs keçdim. Orada ilk günlər biz  müəllimin dərsinə baxır,  sonra isə onu analiz edirdik. Elə uşaqlar var idi ki, onlar əl qaldırmırdılar, qarşıda olan 5-6 şagird yalnız bunu edirdi. Lakin kurikulum bizə tam əksini deyirdi. Orada yazılırdı ki,geridə olanları da öndəkilərin  yanına  əlavə etmək lazımdı. Biz həmin o uşaqlara gözləmə vaxtı verməyə başladıq. Məsələn, əl qaldırmayan şagirdi cavab verməyə çağıranda ona ip ucları, digər sinif yoldaşlarının fikirləri ilə  köməklik etdik. İki həftənin sonunda isə həmin şagirdlərin daha çox əl qaldırmağa başladığını gördük. Buna görə də mən anladım ki, kurikulum həqiqətən də bizim təhsil sistemimizə gərəklidi”.

 

 

Müəllimlik Fatimə Baxşəliyeva üçün xəyal idi,amma əlçatan xəyal..

 

 

“Hər insanın həyatda bir xəyalı olur. Mən birinci sinifdə müəllim, 5-ci sinifdə isə Azərbaycan dili və ədəbiyyat müəllimi olmağa qərar vermişdim. İxtisasın böyüklüyü və kiçikliyindən aslı olmayaraaq,onu sevirsənsə, o sənin üçün ən yaxşısı olur. Həmişə düşünürdüm ki, elə müəllim olmalıyam ki, uşaqlar məni görəndə sevinclə qarşılasınlar. Hər zamam bunun arzusunda olmuşam və onun üçün çalışmışam.

 

 

İdeal müıllim odur ki, biz ona qorxmadan və çəkinmədən fikirlərimizi deyə bilək. Sərhədlər aşılmadan müəllim və şagird dost olmalıdı. Uşaqlar evdə valideynə deyə bilmədiyini müəlliminə deməlidi. Elə müəllimim olub ki, o, mənim həyatımı dəyişdirəcək fikirlər söyləyib. Müəllim uşaqlara sırf bilik verən deyil, onları həyata hərtərəfli hazırlayan biri olmalıdı”.

 

 

Gənc müəllim MİQ-ə hazırlaşmadan öncə uşaqları sevməyi, onların duyğularına toxunmağı məsləhət görür. Çünki müəllim olmaq yalnız elmlə bağlı deyil:

 

 

“MİQ-ə hazırlaşanlara demək istəyirəm ki, mən də imtahana gedəndə çox qorxurdum. İnsan nə qədər bir şeyin üzərində əmək verirsə, onu itirməkdə həmin şəxsə dəhşətli gəlir.

 

 

MİQ-ə hazırlaşanlara demək istəyərdim ki, nə qədər oxusaq və müəyyən biliklərə yiyələnsək də, əziyyətimizin hədər getməməsi üçün çox qorxuruq. Məndə imtahana gedərkən hədsiz dərəcədə həyəcamlı idim. Fikirləşirdim ki, görən hər şey necə olacaq? Lakin inanırdım ki, Allah heç zaman çəkilən əziyyəti yerdə qoymayacaq. Namizədlərə deyə bilərəm ki, qarşınıza məqsəd qoyun. O məqsəd uğrunda çalışın. Bizə stimul olan o yüksək balımızdı. Lakin ondan öncə də düşünün ki, şagirdlərin həyatına işıq və stimul ola bilərsiz. Həqiqətən, bəzən bizim bir sözümüz uşaqların həyatına çox əsaslı təsir edə bilər. Düşünün ki,siz o balaca canların və ümidlərin gələcəyi ola bilərsiz. Mən də imtahana gedərkən o balaca uşaqları düşündüm və nəticəm belə alındı”.

 

 

Əziz müəllimlər, az bal toplamağınıza görə pis olmayın. Sevilən müəllim olmamaqdan qorxun. Çünki sevgi sizi yaddaşlarda daha uzun yaşadacaq və ölümsüzlüyə qovuşduracaq!

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları