
14 avqustdan müəllimlərin işə qəbulu imtahanlarına start verilib.
İmtahanda bir çox namizədlər yüksək nəticə göstərərək vakant yer seçimində iştirak etmək hüququ qazanıb.
Onlardan bəziləri təəssüratları AzEdu.az-la bölüşüblər:
Aytac Quliyeva Azərbaycan dili və ədəbiyyat üzrə 59 bal toplayaraq yüksək nəticə əldə edib.
Gəlin,onu yaxından tanıyaq:
“Bakı Dövlət Universitetinin Filologiya fakültəsini 2019-cu il də bitirmişəm.
Daha öncə MİQ-də iştirak etmədiyim üçün məntiqin çıxarılması barədə nəsə deməyim düzgün olmaz. Amma fərdi yanaşsaq, bu qərara çox sevindim və hazırlaşmaq üçün məndə stimul yaratdı. Düzü, dəqiq fənlərlə aram elə də yaxşı deyil.
İmtahan prosesi tam yekunlaşdıqdan sonra suallarla tanış olmağı şəffaflıq baxımından yüksək qiymətləndirirəm. Amma mən o qədər sevincli idim ki, sona qədər qalsam da, balı gördükdən sonra səhv etdiyim suala baxa bilmədim.
Sualların çətinlik səviyyəsinin imtahan iştirakçısının hazırlıq səviyyəsindən asılı olaraq dəyişə biləcəyini düşünürəm. Sadəcə bunu deyə bilərəm ki, təmkinli olub sualları diqqətlə nəzərdən keçirmək lazımdır. Çünki mən yenidən yoxlama zamanı ixtisasdan bir sualı yanlış işarələdiyimi gördüm. Sonradan o suala qayıtdım.
İmtahanda sanitar-epidemioloji qaydalara tam əməl olunmuşdu. Fürsətdən istifadə edərək imtahan müddətində əziyyəti keçən bütün heyətə, könüllülərə təşəkkür edirəm. Xüsusən da, imtahandan sonra sevincimi bölüşən, elə ən az mənim qədər həyəcanlanan iki xanıma minətdarlığımı bildirirəm.
İlk təcrübəm olduğu üçün vakant yer seçimi ilə bağlı heç bir bilgim yoxdur. Daha təcrübəli müəllimlərdən bu barədə kömək istəyəcəm”.
Gənc müəllim bu sahəyə heç də yad deyil.
“Bir il ərzində onlarla şagirdlə yol yoldaşı olmuşam. Keçən ilin avqustundan şagirdləri müxtəlif imtahanlara hazırlaşdırmışam. Hər birinin nəticəsinə öz nəticəm kimi sevinmişəm. Amma bununla belə hər zaman düşünmüşəm ki, əsas məsələ, qiymət, rəqəm deyil. Əsas şagirdlərin ömründə bir işıq yandırmaqdır. Maraq, həvəs, özünəinam, kəşfin yaratdığı həyəcan işığı. Təkcə bu belə müəllimə ömürlük bəsdir. Çünki bilgi unudular, rəqəm xatırlanmaz, amma hislər əbədidir. Necə ki, mən indi də illər əvvəl müəllimim olmuş şəxsləri hörmətlə xatırlayıram və onları düşündükcə üzümdə gülüş yaranır. Təki hər şagirdin qarşısına ona dəstək ola biləcək, daxilində necə sehrli bir dünya daşıdığına inandıracaq müəllimlər çıxsın”.
Müəllim namizəd imtahana hazırlaşanlara bir sıra məsləhətlər verib.
“İmtahana hazırlaşan müəllimlərə uğurlar arzulayıram. Bəlkə də, həddim deyil, amma bircə məsələni xahiş edirəm ki, ürəyində insan sevgisi,humanizmi, həssaslığı olmayan şəxslər bu ixtisası seçərkən iki dəfə düşünsünlər”.
Səyyad Cəfərova Musiqi ixtisası üzrə 59 bal toplayıb:
“2007-2011-ci illərdə Bakı Humanitar Kollecində təhsil almışam. 2019-cu ildə MİQ-də iştirak edərək 44 bal topladım. 2019-2020 təhsil ilində Suraxanı rayon Hövsan qəsəbəsində 76 nömrəli məktəbdə musiqi müəllimi kimi çalışdım”.
Namizəd MİQ-də olan yeniliklərdən söz açıb:
“Bu il MİQ-də olan yeniliklərə çox sevindim. Məncə səhv cavablara baxmağımız daha düzgün oldu. Məntiqin çıxarılması vaxt baxımından əla addım idi. Təkrar yazdıqlarımıza yenidən göz yetirə bildik.
Məncə bu ilki suallar çox çətin deyildi.İsti olmasına baxmayaraq hər şey yüksək səviyyədə təşkil edilmişdi”.
Müsahibimiz necə müəllim olacağından söz açıb.
“Dərs keçdiyim fənni uşaqlara sevdirmək istəyirəm. Görkəmli musiqiçilərimizi onlara tanıtmağı arzulayıram. Hərçənd ki, uşaqlarımız xarici musiqilərə can atır. Ancaq keçən il mən milli musiqimizi onlara müəyyən qədər çatdıra bildim.
Hazırlığa getmədən evdə dərsliklərdən, internetdən məlumatlar əldə edərək hazırlaşdım.
İndiki uşaqların maraq dairələri çoxdu (pianoda ifa etmək,rəqs etmək,musiqi oxumaq... və s).Şərt deyil mütləq musiqi məktəbinə gedərək piano çalmağı öyrənsinlər. Mən həm pianino çalmaq, həm də ifa etməkdə onlara yol göstərəcəm.
Müəllim həm təhsildə, həm təlimdə öz bildiklərini sevgi ilə şagirdlərinə öyrətməli və özünü onlara sevdirməlidir. Həmçinin, şagirdləri vətənpərvərlik,azərbaycançılıq ruhunda tərbiyə etməlidir. Tanrı bu şərəfli peşəni istəyən hər bir kəsə onu nəsib etsin”.
Gənc müəllimin MİQ-ə hazırlaşanlara bir sıra tövsiyələri var:
“MİQ hazırlaşan hər kəsə məqsəd qoyaraq hazırlaşmalarını tövsiyə edirəm. Ciddi və inamlı şəkildə addımlasalar, olmayacaq bir şey yoxdu. Allah hər kəsin yardımçısı və köməyi olsun”.
Duranə Axundova musiqi ixtisası üzrə 58 bal toplayıb:
“2015-2019-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Musiqi müəllimliyi” fakültəsində təhsil almışam. 2019-cu ildə MİQ-də iştirak etdim,amma hazırlaşmadığım üçün nəticəm az oldu.
Sehv suallara baxmaq imkanının yaradılmasını yüksək qiymətləndirirəm. Çünki bu bizə nədə səhv etdiyimizi bəlli edir. Məntiqin cıxarılması mənə ferq etmədi, amma pedoqogikanın daxil edilməsi yaxşı oldu.
Suallar orta çətinlikdə idi.Sanitar-epidemioloji qaydalara düzgün şəkildə əməl olunmuşdu.
MİQ-ə 2 ay ərzində online hazırlaşdım Son 1 həftədə online dərs aldim”.
Müəllim namizəd təhsil işçisinin necə olması ilə bağlı fikirlərə aydınlıq gətirib:
“Məncə müəllim səbrli, bilikli, mövzunu şagirdə düzgün və anlaşıqlı çatdıra bilen şəxs olmalıdır.
MİQ-ə hazirlaşanlara demək istəyirəm ki, səbrli olub, əziyyət çəkərək oxusunlar. Bəhrəsini mütləq görəcəklər ve onlara uğurlar arzu edirəm”.
Müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edirik!