Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-22 14:43:00
Gəncə Dövlət Peşə Təhsil Mərkəzində vebinar keçirilib

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində işəgötürənlərlə əməkdaşlıq və yaradılan iş imkanları mövzusunda vebinar keçirilib.

 

AzEdu.az xəbər verir ki, vebinarda mərkəzdə təhsil almağın üstünlükləri və yaradılan iş imkanları müzakirə olunub.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin Zamin Bədirxanov qeyd edib ki, vebinarların keçirilməsində məqsəd peşəyönümü işinin təbliği və peşə təhsil mərkəzlərinin tanıdılması, həmçinin işəgötürənlərlə əməkdaşlığın yaradılmasıdır.

 

O bildirib ki, peşə təhsilinin inkişaf etdirilməsində işəgötürənlərlə əməkdaşlıq mühüm rol oynayır. Peşə təhsili müəssisələrinin məqsədi işəgötürənlərin tələblərinə tam cavab verən kadrlar yetişdirməkdir. Əmək bazarında ehtiyac duyulan peşələrin müəyyənləşdirilməsində isə işəgötürənlərlə əməkdaşlıq vacibdir.

 

Zamin Bədirxanov peşə təhsili müəssisələrinə qəbul haqqında ətraflı məlumat verib. O bildirib ki, sənəd qəbulu avqustun 24-dək elektron qaydada həyata keçiriləcək. Peşə təhsili müəssisələrinə qəbul üzrə müsabiqədə iştirak etmək istəyən şəxslər Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin Elektron sənəd qəbulu altsistemində (http://qebul.vet.edu.az/) ərizəni doldurmalıdır. Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılacaq. Qəbul prosesində hər namizədə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılacaq: “Bəzi namizədlər sistemdə qeydiyyatdan keçirlər lakin ixtisas seçimi etmirlər. Belə olan halda onların müraciəti qəbul olunmur. Nəzərə çatdırmaq istərdim ki, bu tələbələr ixtisas seçimi edərək müraciətlərini yekunlaşdırmalıdırlar”.

 

Diqqətə çatdırılıb ki, 2020/2021-ci tədris ilində peşə təhsili üzrə qəbul üçün 18 min 260 yer ayrılıb. Ayrılan yerlərdə 11 min 40 nəfər dövlət büdcəsi hesabına, 7220 nəfər isə ödənişli əsaslarla təhsil alacaq.

 

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Hüseyn Hüseynov müəssisədə aparılan kadr hazırlığı haqqında məlumat verib: “Mərkəz 1939-cu ildən fəaliyyət göstərir. Müəssisənin maddi-texniki bazasına ikimərtəbəli inzibati bina-tədris korpusu, dördmərtəbəli 150 yerlik şagird yataqxanası, 4 istehsalat təlimi emalatxanası və 6 xüsusi fənn kabineti daxildir”.

 

O bildirib ki, mərkəzdə oxumaq üçün müraciət edən gənclərə təhsilin əvvəlindən başlayaraq praktik bacarıqlar da öyrədilir. Bu istiqamətdə işəgötürənlərlə sıx əməkdaşlıq qurulub.

 

“Azərbaycan Dəmir Yolları” Gəncə Vaqon Deposunun baş mühəndisi Tərlan Abdullayev bildirib ki, bu gün dəmir yolu istiqamətində ixtisaslı kadrlara ehtiyac var. Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi ilə qurduğumuz əməkdaşlıq çərçivəsində tələbələr müəssisəmizdə təcrübə keçirlər: “Biz çalışırıq ki, bizim müəssisədə təcrübə keçən tələbələrə işin bütün incəliklərini öyrədək. Mərkəzin məzunları müəssisəmizdə işlə təmin olunurlar”.

 

“AzerGold” QSC-nin İnsan resurslarının idarəolunması şöbəsinin müdiri Ceyhun Əliyev məlumat verib ki, çalışdığı müəssisə ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandum təlim və istehsalat bazasının, təcrübəli ixtisaslı kadrlarının mövcudluğunu, habelə müvafiq sahələrdə bilik və bacarıqlarının inkişaf etdirilməsinin zəruriliyini nəzərə alaraq, tərəflərin razılaşdırılmış mövqe və birgə fəaliyyətlərini müəyyən edir.

 

Vebinar Peşə Təhsili üzrə Dövlət Agentliyinin “YouTube” və “Facebook” səhifələrində canlı yayımlanıb, izləyicilərin sualları cavablandırılıb.

 

Azərtac