Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-27 17:08:00
Deputat: Tədrisin bərpasında koronavirusa yoluxmanın rayonlar üzrə statistikasına uyğun addımlar atmaq olar

Orta və ali məktəblərdə tədrisin nə vaxt başlayacağı məsələsi hazırda ən ciddi müzakirə mövzusudur.

 

AzEdu.az-ın məlumatına görə, bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov söyləyib. O deyib: “Təhsil hər bir şagirdin həyatında mühüm amil olmaqla yanaşı, ümumilikdə ölkənin gələcəyidir və bütün dövlətlər çalışır ki, koronavirus (COVID-19) pandemiyası riskləri nəzərə alınmaqla, tədrisin bərpası təmin edilsin. Artıq qardaş ölkə Türkiyədə sentyabrın 21-dən məktəblərdə tədrisin başlanması qərarı verilib. Azərbaycan Təhsil Nazirliyi də uzun müddətdir tədrisin bərpası istiqamətində işlər aparır, ictimaiyyətdən təkliflər qəbul edir, müzakirələr gedir”.

 

M.Həsənov vurğulayıb ki, Azərbaycan koronavirus pandemiyasına qarşı ən uğurlu mübarizə aparan ölkələr sırasındadır: “Hələ pandemiyanın ilk günlərindən ölkəmizdə bununla bağlı böyük işlər görülüb. Prezident İlham Əliyevin göstərişləri ilə çarpayı yerinin artırılması üçün modul tipli xəstəxanaların tikilməsi, Qafqazda ən müasir xəstəxanalardan olan “Yeni klinika”nın qısa müddətdə istifadəyə verilməsi və koronavirus xəstələri üçün ayrılmasından tutmuş, bu xəstəliyə qarşı dünya ölkələrində tətbiq edilən müalicə üsullarının tətbiqinə qədər ciddi addımlar atıldı. Karantin rejiminin tətbiqi, aztəminatlı ailələrin aylıq minimal xərclərini qarşılamaq üçün onlara ödənişlər verilməsi, sahibkarlıq fəaliyyətinə güzəştlər, özəl sahələrdə iş yerlərinin ixtisar edilməməsi naminə işçilərin maaşlarının ödənilməsinin dövlət tərəfindən həyata keçirilməsi, karantində qalan insanlara 4-5 ulduzlu otellərin ayrılması və s. tədbirlər sayəsində hazırda əldə edilən nəticələr çox ürəkaçandır”.

 

Deputat diqqətə çatdırıb ki, orta və ali məktəblərdə ümumilikdə milyonlarla şagird-tələbə təhsil alır, bir çox məktəbdə siniflərdə sıxlıq mövcuddur. Bütün bunlar isə ciddi risk yaradır. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, ÜST və dünyanın bir çox tibb üzrə araşdırma mərkəzləri payızda xəstəliklərin artacağını, bunun isə ümumilikdə insanların immun sistemini zəiflədəcəyini və beləliklə, koronavirusa yoluxma riskini artıracağını bildirirlər. Buna görə də verilən qərarlar maksimum ölçülüb-biçilməlidir.

 

Bir müddət öncə bu mövzu ilə bağlı təkliflər irəli sürdüyünü xatırladan M.Həsənov deyib: “Təklif etmişdim ki, ibtidai və 11-ci siniflərin yarımqruplara bölünərək, həftədə 3 dəfə olmaqla təhsilini məktəbdə davam etdirməsi, 5-10-cu siniflərin isə onlayn tədrisi davam etdirməsini Təhsil Nazirliyi nəzərdən keçirə bilər. Koronavirusa yoluxmanın nəzarətdə olduğunu diqqətə alsaq, mümkün dərəcədə məktəblərdə, xüsusilə internet imkanları o qədər də geniş olmayan rayon və şəhərlərdə, kənd məktəblərində tədrisin bərpa edilməsi yaxşı olardı. Tədrisin bərpasında koronavirusa yoluxmanın rayonlar üzrə statistikasına uyğun da addımlar atmaq olar, rayon və şəhərlər üzrə ayrı-ayrı qərarlar verilə bilər. Bütün hallarda tədrisin başlanması olduqca vacibdir və hesab edirəm ki, məktəblilər ən yaxın müddətdə ekspertlərin, Təhsil Nazirliyinin və əlbəttə, Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün riskləri nəzərə alaraq, tədrisi hansısa formada bərpa etmək yönündə qərarı ilə sevinəcəklər”.