
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2020-2021-ci tədris ili üçün hazırlıq davam edir.
Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, yeni tədris ilində təhsilalanların praktiki biliklərini möhkəmləndirmək məqsədilə məşğələlərin, qısamüddətli kursların təşkili istiqamətində işlər görülür.
Avtomobil ixtisası üzrə təhsilalanlar üçün növbəti akademik il ərzində praktik məşğələlər zamanı “Mercedes-Benz” istehsalı olan mühərriklərdən istifadə olunacaq. Abşeron Avtomobil Mərkəzi uğurla qurulan dövlət-özəl tərəfdaşlıq çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə təmənnasız olaraq 2 ədəd “Mercedes-Benz” markalı yük maşınlarının mühərriklərini təqdim edib.
2019-2020-ci tədris ilinin yekunu olaraq şirkətlə qurulmuş əməkdaşlıq nəticəsində 10 nəfər təhsilalan Abşeron Avtomobil Mərkəzində (“Mercedes-Benz”) təcrübə proqramı keçib. Onlar mühərrik, rəngləmə, şassi, dəmirçi və elektrik istiqamətləri üzrə praktiki bilik və bacarıqlar əldə ediblər.
2020-2021-ci tədris ili üzrə əməkdaşlığın davam etdirilməsi və avtomobil sahəsi üzrə ortaq qısamüddətli kursların hazırlanması da nəzərdə tutulur.
Xatırladaq ki, yaradılan şərait nəticəsində cari ilin qəbul prosesində avtomobil istiqaməti üzrə təhsil almaq istəyənlərin sayında kəskin artım baş verib. Avtomobil istiqaməti üzrə 2020-2021-ci tədris ilindən başlayaraq yüksək texniki peşə (subbakalavr) dərəcəsi üzrə qəbul aparılıb.