Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-02 17:48:00
Bu müəllimlər tədrisdə iştirak edə bilməyəcək - DİSTANT TƏHSİLİN PROBLEMLƏRİ  

 Martın 3-də verilən qərara görə, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində dərslər dayandırıldı. Şagirdlər ikinci yarımili distant şəkildə başa vurdular. Ucqar bölgələrdə yaşayan məktəblilərin əksəriyyəti nəinki proqramı bitirmək, şəraitsizlik ucbatından onlayn dərslərə də qoşula bilməyib. Distant təhsilin effektiv olub-olmadığının geniş müzakirə olunduğu bir zamanda yeni tədris ilinin təşkili ilə bağlı qərar verilib. Yeni qərara görə, respublikada fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin siniflər üzrə fərqli tarixlərdə və əyani formada təşkili təmin ediləcək. İbtidai siniflərin həftədə 2 və ya 3 dəfə dərslərdə iştirakından əlavə, digər siniflər üzrə tədris onlayn aparılacaq.

 

Bəs təhsil alanlar və müəllimlər yeni mövsümdə distant təhsilə hazırdırlarmı? Ümumiyyətlə, Azərbaycan təhsilinin onlayn formada dərsləri təşkil etmək üçün imkanları nə qədərdir?

 

AzEdu.az-ın məlumatına görə, sabiq təhsil naziri, professor Firudin Cəlilov publika.az-a açıqlamasında təklif edib ki, maddi vəziyyəti aşağı ailələrdə planşet yoxdursa, yerli icra hakimiyyəti orqanları onları qurğu ilə təmin edə bilər: “Mütəxəssislərin bu barədə təkliflərini dəyərləndirmək lazımdır. Əgər maraqlı və uyğun təklif olarsa, nazirlik onu icra edə bilər. Düşdüyümüz bu durumdan çalışmaq lazımdır ki, üzüağ çıxaq. Hər rayonun icra başçısı bu məsələ ilə bağlı xüsusi maraqlanmalıdır. Bütün cəmiyyət əlində olan imkanları təhsilə yönəltməlidir ki, şagirdlər tədrisdən geri qalmasınlar və bölgələrdəki vəziyyətə uyğun iş aparılmalıdır. Əgər şagird ənənəvi qaydada dərslərə başlamaq istəyirsə, onu da təmin etmək olar. Şagirdlər sosial məsafə saxlamaqla dərslərdə iştirak edə bilərlər”.

 

“Biz bunun nəticəsini 15-20 il sonra görəcəyik”

 

Onlayn təhsilin problemləri ilə üzləşən həm də müəllimlərdir. Xəzər rayonu 322 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ulduz Heydərova hazırda ölkəmizdə distant təhsilin heç də ürəkaçan vəziyyətdə olmadığını deyib.

Onun sözlərinə görə, rayonlardan əlavə, Bakının ətraf ərazilərindəki məktəblərdə də şagirdlərin internetə çıxış imkanları yoxdur: “Elə valideynlər var ki, internetin nə olduğunu bilmirlər. Biz bunun nəticəsini 15-20 il sonra görəcəyik. Sağlam düşüncəli şagirdlər yetişdirməliyik ki, illər sonra fəsadlarını görməyək. Distant təhsil nitq qüsurlarının yaranmasına səbəb olacaq. Dərsdə danışmağa çəkinən şagirdlər artıq telefon arxasında başlarını qaldırmadan danışırlar. Onlar ənənəvi qaydada dərslərə başladıqda problemlə qarşılaşacaqlar. Burada ən böyük yük valideynin üzərinə düşür. Hər bir valideyn onlara evdə ikinci müəllim olmalıdır. Ancaq bunu bütün valideynlərə şamil etmək olmur. Onların arasında işləyənlər, təhsildən tam olaraq anlayışı olmayanlar da var. Belə olduğu halda şagirdlər kənarda qalır. Ona görə də müəllimlər şagirdlərlə maariflənmə işləri aparmalıdırlar. Həftədə 2-3 dəfə dərsin keçirilməsi yetərli deyil və onlayn dərslərə hər kəs qoşulmayacaq. Həmin şagirdlər heç olmasa teledərsləri izləsinlər. Şagirdlərim mənə deyirlər ki, biz orada müəllimə mövzu ilə bağlı sual verə bilmirik. Bu isə problemdir.

 

U.Heydərova qeyd edib ki, şagirdlərdə məsuliyyətsizlik hissi çoxdur: “Biz yuxarı siniflərdə təhsil alanları məcburi şəkildə dərslərə cəlb edirdik. Onlayn olduqda isə dərsdən yayınmalar çox olacaq. Digər problem isə mart ayından bəri qalan dərs proqramının şagirdlər tərəfindən mənimsənilməməsidir. Hazırda bunun üzərində iş gedir və bu dərslərə əlavə olunarsa, yük ikiqat artacaq. Dərslərin iki və daha artıq hissəyə bölünüb keçirilməsi isə müəllimləri çətin durumda qoyur”.