
“Cəbhəyə kömək məqsədi ilə xüsusi təyinatlı sürtkü yağlarının istehsalı ilə məşğul oluruq”.
Bu sözləri AzEdu.az-a açıqlamasında Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev deyib.
O, Aşqarlar Kimyası İnstitutunun cəbhəyə kömək məqsədi ilə bir sıra tədbirlər həyata keçirdiyindən söz açıb:
“Cənab Prezident hücum əməliyyatına keçməklə bağlı əmr verdi. Bu şanlı ordumuzun zəfər yürüşüdür. Bizim kollektivimiz də bu qərardan ruhlanaraq əzmlə öz fəaliyyətini davam etdirir. Bu, bizim alimlik borcumuzdur və onu vətən qarşısında yerinə yetirməliyik. Biz cəbhəyə kömək məqsədi ilə xüsusi təyinatlı sürtkü yağlarının istehsalı ilə məşğul oluruq. Bizim bu istiqamətdə bir sıra uğurlarımız var. Elmi nəticələrimiz ölkəmizin müdafiə qüdrətinin artırılmasında böyük rol oynaya bilər və ona tövhələr verəcəyinə inanırıq. Elmlə məşğul olaraq öz vəzifə borcumuzu yerinə yetirmək, respublikamızın iqtisadiyyatının inkişafı üçün əlimizdən gələni etməliyik”.
Qeyd edək ki, sentyabrın 27-dən etibarən cəbhənin Ağdam-Füzuli istiqamətində döyüş əməliyyatları gedir.