
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan yerləri üzrə ixtisas seçimi davam edir.
Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi oktyabrın 4-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib www.eservices.dim.gov.az/erizetex/ixtisas2 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni doldurmalı və təsdiqləməlidirlər. Bu gün saat 15:20-yə olan məlumata görə, 752 abituriyent (Azərbaycan bölməsi -745; rus bölməsi -7) ixtisas seçimi edib.
Xatırladaq ki, boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir. Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.