Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-02 16:43:00
Türkiyə Azərbaycanın sadiq tərəfdaşı  

(Əslində məqalənin hərfi tərcüməsi - Türkiyənin Azərbaycanı müdafiəsi Ankaranın Moskvaya meylinin sərhədlərini müəyyən edir- kimidir amma sərbəst tərcümısi yuxarıdakıdır. )

 

Yazarlar haqqında: Turan Süleymanov və Bəhruz Babayev Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dissertantları və müəllimləridir. Bu məqalə ilk olaraq ingilis dilində 25 sentyabr 2020-ci il tarixində the Turkey Analyst nəşrində çap edilmişdir.  “The Turkey Analyst” Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu Araşdırmalar Proqramının birgə tədqiqat mərkəzinin nəşridir. Məqalənin əslinə aşağıdakı linkdə mövcuddur. https://www.turkeyanalyst.org/publications/turkey-analyst-articles/item/651-turkey%E2%80%99s-commitment-to-azerbaijan%E2%80%99s-defense-shows-the-limits-of-ankara%E2%80%99s-tilt-to-moscow.html

 

Türkiyənin Azərbaycan-Ermənistan sərhədində son toqquşmalar zamanı aktiv hərbi və diplomatik iştirakı həm Ermənistana, həm də Rusiyaya onların Azərbaycanda sabitliyi pozmaq cəhdlərinə Türkiyənin səssiz qalmayacağına dair güclü bir siqnal verir. Burda mövzu təkcə Türkiyənin ən yaxın beynəlxalq tərəfdaşı olan Azərbaycana qarşı mövqeyi deyil, eyni zamanda onun enerji təhlükəsizliyində rolu və Mərkəzi Asiya siyasi və iqtisadi ambisiyalarıdır. Türkiyənin Azərbaycanı müdafiəsi, mümkün Ermənistan-Azərbaycan münaqişəsində müxtəlif aktyorların iştirakı ilə bağlı siyasi xəbərdarlıq və Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün zəmanətdir. Bu Ermənistanın Azərbaycanla üzləşməməsi üçün əsas amil ola bilər.

 

Hadisələrin tarixi:  Türkiyə ilə Azərbaycan arasında 1991-ci ildə Azərbaycanın müstəqillik qazanmasından bəri inkişaf edən möhkəm, dostluq münasibətləri mövcuddur. 16 avqust 2010-cu il tarixində iki ölkə arasında imzalanan "Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım" haqqında müqavilə qarşılıqlı əlaqələr üçün möhkəm zəmin yaradır. 12-17 iyul 2020-ci il tarixlərində Ermənistan ilə Azərbaycan arasında baş verən sərhədyanı hərbi toqquşmalara reaksiya verən ilk ölkə Türkiyə oldu. 13 iyul tarixində Türkiyənin Xarici İşlər Nazirliyi açıq şəkildə mümkün olan hər vasitə ilə Azərbaycanın ərazi bütövlüyünü müdafiə edəcəyini bildirdi. Bununla, Türkiyə də Cənubi Qafqazdakı əsas strateji və iqtisadi maraqlarını qorumağa sadiq qaldığını açıq şəkildə ifadə etdi. Türkiyənin Müdafiə naziri Hulusi Akar, Ermənistanın Azərbaycan-Ermənistan sərhədi boyunca təxribatına qarşı çıxmasında Türkiyənin lazımi dəstəyi verəcəyini açıqladı. Türkiyə F-16 təyyarələrini Azərbaycana göndərdi və iyulun 29-dan iki ölkə arasında birgə hərbi təlimləri başlandı.


Azərbaycan-Ermənistan arasında baş verən toqquşmalara  Türkiyənin sürətli və qətiyyətli reaksiyası Cənubi Qafqazdakı strateji və iqtisadi maraqlarının vacibliyini təsdiqləyir. Enerji və nəqliyyat layihələrinin reallaşdırılması Ankaranın prioritetlərindəndir. Bundan əlavə, Türkiyənin Azərbaycanla ikitərəfli, işgüzar və mədəni əlaqələri mövcuddur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bu günə qədər İzmirdəki Star neft emalı zavodu da daxil olmaqla Türkiyəyə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. 2019-cu ildən Azərbaycan Türkiyəyə təbii qaz tədarükünün ümumi həcminin təxminən dörddə birini təmin etmişdir.  Bütün bunlardan başqa, Azərbaycan Türkiyəni 2007-2020-ci illər arasında ən ucuz təbii qazla təmin edən etibarlı enerji tərəfdaşı kimi özünü sübut etmişdir.

Həmçinin, Türkiyə və Azərbaycan Xəzər dənizinin təbii qazını Avropaya çatdırmaqla Avropanın enerji təhlükəsizliyini təmin etməyə yönəlmiş Cənub Qaz Dəhlizinin (CQD) inkişafını əhatə edən müxtəlif siyasi və iqtisadi maraqları bölüşürlər. CQD, Türkmənistan qazının Avropaya ixracı imkanlarını açır ki, bu da Türkiyənin enerji mərkəzi olaraq rolunu daha da gücləndirir.  2019-cu ilin may ayından etibarən Azərbaycanın CQD-nə yatırımı 9.7 milyard ABŞ dollarına çatıb. Türkiyənin dövlət neft şirkəti, Azərbaycanın Şahdəniz qaz yatağının ikinci ən böyük səhmdarıdır. Müvafiq dəhliz başa çatdıqdan sonra qərbə ildə 16 milyard kubmetr qaz ixrac edəcəkdir. Həmçinin, Türkiyə İsrailin təxminən 40% və İtaliyanın neft ehtiyaclarının isə 37% təmin edən Xəzər neftinin daşındığı Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin tranzit ödənişlərindən faydalanır. Bundan əlavə, Azərbaycan qazını Avropaya çatdıracaq Trans- Anadolu Qaz Boru Kəməri Layihəsi (TANAP) də Türkiyənin Şərqi Avropa və Balkanlarda təsir gücünü daha da artıracaqdır.

Bundan əlavə, Türkiyə və Azərbaycan yeni Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılmasını fəal şəkildə təbliğ edirlər. Cənubi Qafqazdan Azərbaycan boyu uzanan Orta Dəhliz, Türkiyəyə Orta Asiyanın türk millətlərinə çıxış imkanını təmin edir. Adı çəkilən dəhliz Türkiyənin strateji nəqliyyat yolları ilə əlaqəli olaraq Rusiya və İrandan tam asılılığını aradan qalırıq. Türkiyənin nəzərdə tutduğu Orta Dəhliz alternativi, Bakı-Tbilisi Qars (BTK) dəmir yolu marşrutu ilə Türkiyədən Mərkəzi Asiyaya dəmir yolu xətlərinin uzadılmasını nəzərdə tutur. 2017-ci ildə fəaliyyətə başlayan BTK ildə bir milyon sərnişin və ildə 6,5 milyon ton yük daşımaq qabiliyyətinə malikdir. Çinin Bir Kəmər və Bir Yol Təşəbbüsü (BRI) içərisində önəmli yer tutan Orta Dəhliz, həm də Türkiyəni Çin yüklərini qəbul edən və tranzit edən önəmli bir ölkəyə çevirir.

Ən əsası isə, Cənubi Qafqaz və Xəzər dənizi Türkiyənin Orta Asiyaya açılan qapısıdır; Türkiyənin 1990-cı illərin əvvəllərindən və Sovet İttifaqının dağılmasından bəri - Mərkəzi Asiyanın türk dilli ölkələri (Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan) ilə daha yaxın iqtisadi və siyasi əlaqələri inkişaf etdirmək istəyi birbaşa və etibarlı nəqliyyat yollarının qurulmasını və saxlanmasını tələb edir. Bu baxımdan BTK dəmir yolu Türkiyə üçün misilsiz cəlbedici bir alternativ olaraq qalır.

Nəticələr: Türkiyənin Rusiya ilə münasibətləri, habelə İran Liviya və Suriyadakı siyasi fikir ayrılıqları daha da mürəkkəbləşdikcə, Azərbaycanın Türkiyə üçün etibarlı enerji tərəfdaşı kimi əhəmiyyəti artır. Eyni zamanda, Türkiyənin Ermənistan və Azərbaycan arasındakı qarşıdurmada Azərbaycana dəstək siyasəti aparması, istər-istəməz Ermənistanı hərbi cəhətdən dəstəkləyən Rusiya ilə ziddiyyət təşkil edir. Türkiyə, Aralıq dənizinin şərqində və Suriyanın gələcəyi ilə bağlı söz sahibi olacağını təmin etmək üçün güc nümayiş etdirməyə çalışarkən, Rusiya ilə münasibətləri yenidən nəzərdən keçirməlidir. Bu, Türkiyə ilə Rusiyanın Liviyada fərqli mövqeləri nümayiş etdirməsi, Suriyada isə maraqlarının ziddiyyət təşkil etməsi məsələni daha da çətinləşdirir. Ermənistan-Azərbaycan münaqişəsinin böyüməsi halında Türkiyənin Azərbaycanın tərəfini tutması Rusiya-Türkiyə münasibətlərlərində daha da arzuolunmaz və mürəkkəb vəziyyətin yaranmasına gətirib çıxaracaq. Lakin, Cənubi Qafqazdan imtina etmək Ankara üçün bir seçim deyil.

Türkiyənin Azərbaycanı müdafiə etməsi onu Rusiya ilə üz-üzə qoysa belə Türkiyə regionda olan enerji və iqtisadi maraqlarını müdafiə etməyi üstün tutacaq. Türk dövlətində mövcud olan Avrasiya fraksiyası, Türkiyənin ənənəvi tərəfdaşı olan, lakin hazırda bir çox məsələlərdə maraqları toqquşan ABŞ-dan uzaqlaşmasını və bunun əvəzinə Rusiya ilə də daha yaxın bir əlaqəni inkişaf etdirməli olduğunu düşünür. Bir sıra nüfuzlu keçmir Türk hərbiçiləri, Türkiyənin Atlantik ortağından daha çox, Rusiya ilə geopolitik baxımdan ortaq maraqları olduğunu iddia edir. Lakin, Cənubi Qafqazın strateji reallıqları və bunun daxilində Türklərin Mərkəzi Asiyadakı maraqları Rusiya yönümlü Avrasiya düşüncəsinin sərhədlərini açıq şəkildə məhdudluşdırır.

Yekun: Türkiyənin Azərbaycan-Ermənistan sərhədində son toqquşmalar zamanı aktiv hərbi və diplomatik iştirakı həm Ermənistana, həm də Rusiyaya  Azərbaycanda sabitliyin pozulması cəhdlərinə Türkiyənin səssiz qalmayacağına dair güclü bir siqnal verir. Burda təkcə Türkiyənin ən yaxın beynəlxalq tərəfdaşı olan Azərbaycana qarşı mövqeyi deyil, eyni zamanda onun enerji təhlükəsizliyi və Mərkəzi Asiyada siyasi və iqtisadi ambisiyaları dayanır.

Cənubi Qafqazdakı sabitliyin pozulması, həm planlaşdırılan enerji layihələrini, həm də nəqliyyat marşrutlarını təhlükə altına qoyacağı üçün Türkiyənin strateji və iqtisadi maraqlarına  birbaşa təhdidir və bu da öz növbəsində Cənubi Qafqazda Türkiyən nüfuzuna mənfi təsir göstərir. Türkiyə Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin qorunması üçün məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu nümayiş etdirməklə həm də Xəzər dənizi və Mərkəzi Asiyadan Qərbə qaz və neftin təhlükəsiz nəqlinin təminatçısı kimi çıxış edir. Türkiyənin Azərbaycanı müdafiəsi, mümkün Ermənistan-Azərbaycan münaqişəsində müxtəlif aktyorların iştirakı ilə bağlı siyasi xəbərdarlıq və Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün zəmanətdir. Bu Ermənistanın Azərbaycanla üzləşməməsi üçün əsas amil ola bilər.