Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-05 11:45:00
Azərbaycan cəmiyyəti ölkəmizin ərazi bütövlüyünün pozulması faktı ilə barışa bilməz

Ermənistan silahlı qüvvələri sentyabrın 27-dən etibarən atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından istifadə etməklə Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Azərbaycanın cavab həmlələri nəticəsində ciddi tələfat verən düşmən növbəti siyasi-ideoloji təxribata əl atır. Ermənistanın növbəti təxribatı bir daha onu göstərir ki, bu dövlət Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Əli Hacıyev bildirib. O qeyd edib ki, ölkənin 50 siyasi partiyasının Ermənistanın təxribatına cavab olaraq verdiyi bəyanat xalqla hökumətin həmrəyliyini və Azərbaycanda yaşanan siyasi birliyi təcəssüm etdirir. Siyasi partiyaların bəyanatında Ermənistanın işğalçı siyasəti pislənilir, mülki əhalinin yaşadığı yerlərin atəşə tutulmasının və dağıntı hallarının insanlığa qarşı cinayət kimi qiymətləndirilməsi beynəlxalq təşkilatlardan tələb olunur. Bu bəyanatda haqlı olaraq BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistanın məhəl qoymamasına, Azərbaycana qarşı hələ də davam edən ikili standartlara son qoyulmasına diqqət çəkilir.

 

Ermənistanın rəsmi dairələrinin hazırkı təxribat siyasəti və hərbi münaqişəsi ölkədəki daxili siyasi mübarizədən və yaşanan problemlərdən diqqəti yayındırmağa hesablanıb. Bu məqsədlə rəsmi Yerevan məsuliyyətsiz bəyanatlar verir, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini əngəlləyir. Ermənistan beynəlxalq təşkilatların da son dövrdə qəbul etmədiyi və 30 il ərzində özünü doğrultmayan status-kvonun saxlanılmasını istəyir. Belə yanaşma Azərbaycan dövlətinin ərazi bütövlüyünə ziddir. Ermənistanın hazırkı siyasi rəhbərliyi son illərdəki sərsəm bəyanatları ilə münaqişənin həllinə dair ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlar prosesini, əslində, tamamilə pozub. Eyni zamanda, Ermənistan yeni ərazi iddiaları ilə çıxış edir. Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, status-kvo dəyişməlidir. Ölkəmiz ədalətli və məsuliyyətli mövqe nümayiş etdirir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” fikri bunu bir daha sübut edir. Azərbaycan cəmiyyəti ölkəmizin ərazi bütövlüyünün pozulması faktı ilə barışa bilməz. Otuz ildir ki, pozulan ədalət və beynəlxalq hüquq nəhayət bərpa olunmalıdır. Ermənistanın təxribatlarına susmaq və onları qınamamaq beynəlxalq riyakarlığın təzahürüdür.

 

Hazırda Azərbaycan cəmiyyətində müşahidə edilən vəhdət, iqtidar-xalq həmrəyliyi onu deməyə əsas verir ki, Azərbaycan xalqı, ölkənin siyasi partiyaları və QHT-ləri yekdilliklə Prezident İlham Əliyevin yanındadır və onun apardığı siyasəti dəstəkləyir. Mövcud bəyanatlar ölkədəki milli və siyasi həmrəyliyin parlaq göstəricisidir.

 

Ölkəmizdə siyasi həmrəyliyin yüksək səviyyədə təmin edilməsi ilk növbədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətin məntiqi nəticəsidir. Bu, xalqı birləşdirən siyasətdir.