
İşğalçı Ermənistanla sentyabrın 27-sindən başlayan təxribatlarına cavab məqsədilə aparılan əks-hücum əməliyyatlarının 15-ci günü başa çatıb.
Oktyabrın 11-də də cəbhədə şiddətli döyüşlər davam edib. Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusunun 11 oktyabr 2020-ci il tarixində gecə saat 02:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə atdığı roket nəticəsində yaşayış binası tamamilə dağılıb, bina sakinləri dağıntılar altında qalıb.
Təxribat nəticəsində rayonun təhsil mərkəzlərinə ziyan dəyib.
“Gəncəyə 11 oktyabrda atılan roket nəticəsində 2 məktəbə ziyan dəyib. Bunlar 20 saylı və 42 saylı tam orta məktəblərdir. Bu məktəblərin pəncərələri sınıb, çərçivələri yerindən çıxıb”.
Bu fikirləri AzEdu.az-a açıqlamasında Gəncə Şəhər Təhsil İdarəsinin rəhbəri Anar Qədiməliyev bildirib. O, 42 saylı məktəbə dəyən zərəri xüsusilə vurğuladı:
“Xüsusilə 42 saylı orta məktəb zərər görüb. Buranın 54 pəncərəsi və 12 çərçivəsi yararsız hala düşüb. Şagird və müəllim itkisi ilə bağlı dəqiq məlumat yoxdur”.