
Hazırda respublikanın hər yerində milli birlik və ruh yüksəkliyi müşahidə olunur.
Xüsusi ilə də sosial şəbəkələrdə siyasi-ictimai xadimlərlə yanaşı elm və təhsil nümayəndələri də bu günlərdə yüksək aktivlik göstərirlər.
AzEdu.az xəbər verir ki, onlar arasında Azərbaycan Universitetlərinin rektorları da yer alır.
Cəbhədə döyüşlər başladığı gündən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov sosial şəbəkə hesabında xüsusi fəallıq göstərir.
Rektor daimi şəkildə sosial şəbəkə hesabı vasitəsi ilə ruh yüksəkliyinin qorunması, cəbhədə olan əsgərlərə dəstək, dünya ölkələri və təşkilatlarının Qarabağ mövzusuna yanaşması ilə bağlı paylaşımlar edir. Bununla yanaşı o Ermənistan ərazisindən rayonlarımızın, mülki əhalinin atəşə tutulmasını kəskin şəkildə qınayır.
Rektor əsasən Azərbaycan və rus dillərində paylaşımlar edir.
Bu günlərdə sosial şəbəkələrdə xüsusi aktivliyi ilə seçilən rektorlardan biri Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovdur.
Rektor cəbhədə davam edən proseslə bağlı fəal şəkildə paylaşımlar edir. Paylaşımlarında Gəncə, Bərdə və Tərtərə olan roket hücumları, mülki əhalinin hədəfə alınmasını qınayır. Eyni zamanda Türkiyə və Azərbaycan qardaşlığına diqqət çəkir. Ərazilərimizin işğaldan azad edilmə xəbərlərini xüsusi olaraq paylaşır. Bununla yanaşı rektor paylaşımlarında gənclərin başlatdığı həştəqlərə qoşularaq onların təşəbbüsünə dəstək verir.
Rektor əsasən Azərbaycan və İngilis dillərində paylaşımlar edir.
Hər zaman sosial şəbəkələrdə aktivliyi ilə seçilən Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov da bu günlərdə xüsusi fəallıq göstərir. Rektor cəbhədə davam edən proses, gələn zəfər xəbərləri, erməni tərəfinin törətdiyi cinayətlər, mülki əhaliyə qarşı törədilən cinayətlərlə bağlı daimi paylaşımlar edir. Eyni zamanda Şahin Bayramov Mingəçevir ASAN Xidmət tərəfindən təşkil edilən “Əsgərə Məktub” layihəsinə qoşulub. Rektor paylaşımlarında aktiv şəkildə gənclərin Qarabağ həqiqətlərini, erməni terrorunu dünyaya çatdırmaq üçün başlatdığı həştəqlərdən istifadə edir. Bununla yanaşı Prezident İlham Əliyevin çıxışları, xarici mediaya müsahibəsindən olan vacib hissələrə paylaşımlarında diqqət çəkir.
Rektor əsasən Azərbaycan, rus və ingilis dillərində paylaşımlar edir.
Qeyd edək ki, hazırda cəbhə bölgəsində Azərbaycan ordusunun həyata keçirdiyi işğaldan azad etmə əməliyyatları davam edir.
Qarabağ Azərbaycandır!