
Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmiş nəzarətçi-müəllimlərin fəaliyyətinin təhlili ilə bağlı araşdırmanı yekunlaşdırıb.
DİM-dən AzEdu.az-a verilən məlumata görə, qiymətləndirmə zamanı nəzarətçinin imtahan texnologiyasını mənimsəmə səviyyəsi, auditoriyanı idarəetmə bacarığı, imtahan sənədləri ilə aparılan işin keyfiyyəti, imtahan rəhbərinin nəzarətçinin fəaliyyətinə verdiyi qiymət və rəyi, köçürmə halları və digər təlimat pozuntuları, 600-dən yuxarı bal toplamış abituriyentlərin sorğu-anketlərində zal nəzarətçisi haqqında rəylər, nəzarətçinin ümumilikdə imtahanlarda fəal iştirakı və əvvəlki imtahanlarda əldə etdiyi keyfiyyət göstəriciləri kimi bir çox parametrlər nəzərə alınır, imtahan iştirakçılarının şikayət ərizələrinin nəticələri də bu araşdırmalara əlavə edilir.
Araşdırmanın nəticələri nəzarətçi-müəllimlərin fəaliyyətinin təkmilləşdirilməsi, onlarla təşkil ediləcək seminar-məşğələlərin məzmununun və metodunun yenidən işlənməsi, növbəti imtahanlar üçün nəzarətçi seçimi meyarlarının korrektə edilməsi, respublika üzrə orta ümumtəhsil müəssisələrinin qabaqcıl müəllimlərinin imtahanların təşkilində aktiv iştirakının təmin edilməsi baxımından əhəmiyyət kəsb edir.
Məlumat üçün bildirək ki, 2020-ci ildə keçirilən imtahanlara nəzarətçi qismində cəlb edilməsi nəzərdə tutulan müəllimlərin sayı 15 min 657 nəfər olub. Ümumi təhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanlarına 11 min 334, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarına isə 6 min 700 nəzarətçi cəlb edilib. Yekun olaraq bu imtahanlara 13 min 43 nəzarətçi (bir nəzarətçinin bir neçə imtahana cəlb edildiyini nəzərə alsaq 28 min 157 nəzarətçi) cəlb edilib. Onlardan bu il qəbul və buraxılış imtahanlarında nəzarətçi-müəllimlərin fəaliyyətinin qiymətləndirilməsinə dair araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 1178 nəzarətçi-müəllimə təşəkkür elan edilib. Köçürməyə və digər qayda pozuntularına yol verdiklərinə görə 125 və cəlb edildiyi imtahanlara dəfələrlə üzrlü səbəb olmadan və etinasızlıq göstərərək gəlməyən 63, ümumilikdə 188 nəzarətçi isə bazadan xaric edilib.
Xatırladaq ki, indiyə qədər DİM tərəfindən keçirilmiş imtahanlarda nümunəvi fəaliyyətinə görə fərqlənən 4431 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 352 müəllim fəxri fərmanla təltif olunub.
DİM tərəfindən aparılan araşdırmanın nəticələri barədə Təhsil Nazirliyinə, müvafiq rayon (şəhər) təhsil şöbələrinə, nəzarətçi-müəllimlərin çalışdıqları orta ümumtəhsil müəssisələrinə məktublar göndəriləcək.