
Hazırda gündəmdə olan məsələlərdən biri də Qarabağda dövlət universitetinin yaradılmasıdır.
AzEdu.az xəbər verir ki, bir neçə il öncə Milli Məclisin deputatı Zahid Oruc Bərdədə Qarabağ Dövlət Universitetinin yaradılması ilə bağlı təklif irəli sürmüşdü. Artıq torpaqlarımız işğaldan azad edilir və bu universitetin Qarabağda yaradılması ilə bağlı başqa fikirlər irəli sürülür.
Bu halda Qarabağ Dövlət Universitetinin yaradılmasının əhəmiyyəti və vaciblik meyarı, eyni zamanda hansı istiqamətdə fəaliyyət göstərməsi və s. məsələlər ortaya çıxır.
“Ayrıca Qarabağ Universitetinin yaradılmasına ehtiyac var”
Tarix Elmləri üzrə Fəlsəfə doktoru Nəsiman Yaqublu əvvəllər Qarabağda fəaliyyət göstərən universitetdən söz açıb:
"İşğaldan öncə Qarabağda universitet var idi. Həmin universitetin filialı əvvəl Xankəndidə, sonra Şuşada, hazırda isə Ağcabədidə fəaliyyət göstərir. Yəni bunun bazası var, yeni fikir deyil. Sadəcə olaraq o universitet Qarabağ Dövlət Universiteti olaraq deyil, ADPU-nun filialı kimi fəaliyyət göstərirdi. Əlbəttə ki, ayrıca Qarabağ universitetinin yaradılmasına ehtiyac var.
Ancaq söhbət təkcə universitetdən getmir. İşğaldan azad edilmiş ərazilərimizdə mərkəzləşdirilmiş infrastruktur yaradılmalıdır. Yalnız ali təhsil mərkəzi ilə kifayətlənmələli, eyni zamanda tibb, biznes, informasiya sistemləri sahəsi də yaradılmalı və bu istiqamətdə ciddi addımlar atılmalıdır. Yəni təkcə universitet deyil, həm də bütün sahələr üzrə mərkəzləşdirilmiş infrastrukturlar yaratmalıyıq ki, insanlarımız orada yaşayıb fəaliyyət göstərsinlər.
“QARABAĞ adlı müəssisələr yaradılmalıdır”
Fəlsəfə doktoru Azərbaycanlı əhalinin, xüsusi ilə də gənclərin orada məskunlaşdırılması üçün vacib addımlar atılmalı olduğunu bildirib:
“Digər bir tərəfdən isə, gənclərimizin orada qalıb yaşaması üçün ciddi infrastrukturlar yaratmaq lazımdır. Gənclərimizdə orada məskunlaşmağa maraq oyatmaq üçün maaş miqdarını yüksək etmək, onlara yaşayış üçün lazımı şəraiti yaratmaq, hətta ev vermək yaxşı olardı. Azərbaycan əhalisinin Qarabağda daimi məskunlaşması üçün universitetin yaradılması vacib və əhəmiyyətli fakordur. Xüsusi ilə də Xankəndidə azərbaycanlı əhalinin məskunlaşdırılması, oranın mərkəzləşdirilməsi üçün Qarabağ universitetinin yaradılması ilə yanaşı, eyni zamanda Qarabağ adlı digər müəssisələrin də yaradılması məqsədə uyğundur.
O, işğaldan azad edilən torpaqlarda görülməli olan işlərlə bağlı öz təklifini bildirib:
"Ancaq mövzudan uzaq olsa da mənim şəxsi fikrim ondan ibarətdir ki, biz o torpaqları böyük bir turizm zolağına çevirməliyik. Çünki oralar o qədər gözəl yerlərdir ki, yalnız azərbaycanlıların deyil, eyni zamanda dünya insanları gəlib o cənnət məkanları görməlidir. Bütün dünya Qarabağın gözəlliklərinə şahidlik etməlidir.
Əlbəttə, sonra rəsmi qərar dövlətə məxsusdur və mən ən doğru qərarın veriləcəyinə əminəm. O zaman biz də öz dəstəyimizi əsirgəməyəcəyik".
Milli Məclisin deputatı, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev universitetlə yanaşı digər təhsil müəssisələrinin də yaradılmasının zəruriliyini vurğulayıb:
"Hazırda əsas məsələ torpaqlarımızın işğaldan tam azad edilməsidir. İnşallah ki, bu proses tamamlandıqdan sonra o torpaqlarda bir sıra işlər həyata keçiriləcək. Əvvəlcə lazımı infrastrukturların yaradılması, əhalinin orada məskunlaşdırılması ön planda olacaq. Qarabağda dövlət universitetinin yaradılması ilə bağlı irəli sürülən təklif təqdirəlayiqdir, buna mən də qatılıram. Qarabağ Dövlət Universiteti ilə yanaşı orada digər təhsil müəssisələrinin də yaradılması zəruridir. Bir çox məktəblər, kolleclər, təlim-tədris mərkəzləri yaradılacaq. Tək bir istiqamətdə deyil, eyni zamanda bir neçə istiqamətdə ali təhsil müəssisənin yaradılması zəruri və məqsədə uyğundur.
Rektor yenidən qurma işlərinə dəstək olmaq istəyən invesestitorlardan söz açdı:
"İstər təhsil, istərsə də digər istiqamətlərdə yenidən qurma və bərpa işlərinin həyata keçirilməsi üçün bir çox Azərbaycan və Türkiyəyə məxsus investorlar sərmaya qoymağa hazırdırlar.
Bu istiqamətdə lazımı qərarların veriləcəyinə əminəm və biz də əlimizdən gələn dəstəyi göstərəcəyik".
O, bildirib ki, azad edilən torpaqlara yenidən həyat nəfəsi qaytarılacaq:
Eyni zamanda təhsil ilə yanaşı orada ümumi quruculuq işlərinin görülməsi əsas məsələlərdən biridir. O gözəl, zəngin torpaqlar artıq 30 ilə yaxındır ki, təcavüzə-, erməni barbarizminə məruz qalıb. Biz torpaqların hər bir zərrəsinə həyat nəfəsini yenidən qaytaracağıq.
Qeyd edək ki, hazırda Azərbaycan ordusunun həyata keçirdiyi işğaldan azad etmə əməliyyatları uğurla davam edir.
Qarabağ Azərbaycandır!