
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova Türkiyənin İstanbul Texnik və Yıldız Texnik universitetlərinin yeni rektorları ilə onlayn görüş keçirib.
AzMİU-dan AzEdu.az-a verilən məlumata görə, tanışlıq xarakteri daşıyan görüş Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Hüseynovanın təşəbbüsü ilə gerçəkləşib. Görüşün əvvəlində son günlər Azərbaycanda gedən Vətən müharibəsi, bu haqq işimizdə qardaş Türkiyənin bizə göstərdiyi diqqət və dəstək müzakirə mövzusu olub. Türkiyənin böyük dəstəyini yüksək qiymətləndirən AzMİU-nun rektoru xalqımızın türk qardaşlarımıza sonsuz minnətdarlığını türkiyəli həmkarlarının diqqətinə çatdırıb. Hər iki universitetin rektoru bu haqq savaşında həmişə Azərbaycanın yanında olduqlarını dilə gətirib, tezliklə bütün torpaqlarımızın işğaldan azad edilməsini arzulayıblar.
Görüşdə, həmçinin hər iki universitetlə imzalanan əməkdaşlıq müqavilələrinin yeni tədris ilində daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. İkitərəfli əməkdaşlığın daha səmərəli həyata keçirilməsi üçün müxtəlif istiqamətlərdə birgə işlərin görülməsinin vacibliyi vurğulanıb. Rektorlar əməkdaşlıq müqavilələrindən irəli gələn birgə elmi-tədqiqat işlərinin aparılması, konfrans, seminar və simpoziumların keçirilməsi, müəllim və tələbə mübadiləsi və digər məsələlərdən də danışıblar.