
Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbiri keçirilib.
AzEdu.az xəbər verir ki, tədbirdə Baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, ali məktəblərin rektorları, media kapitanları və QHT təmsilçiləri iştirak ediblər.
Təhsil İnstitunun direktor əvəzi Emin Əmrullayev təhsilin keyfiyyətinin yüksəldilməsi, əhatəliliyi və əldə olunan nailiyyətlərlə bağlı iştirakçılara ətraflı məlumat verib.
Sonra təhsil naziri Ceyhun Bayramov “Təhsil sistemi-vəzifələr və hədəflər” mövzusunda təqdimatla çıxış edib. Təhsilin inkişafının ölkəmizin tərəqqisi baxımından vacib amil olduğunu vurğulayan nazir bunun üçün ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələrdən və gələcək hədəflərdən danışıb.
Ötən beş il ərzində təhsil sahəsində aparılan islahatların mühüm keyfiyyət mərhələsinə qədəm qoyduğunu bildirən Baş nazirin müavini Əli Əhmədov dövlət başçısının bu sahəni prioritet elan etməsi nəticəsində ölkəmizin gələcəyinin parlaq olacağına əminliyini ifadə edib. Əli Əhmədov təhsildə görülən işlərin uğurla davam etdirilməsinin vacibliyini önə çəkib və bu sahədə ölkəmizdə müsbət təcrübənin formalaşdığını diqqətə çatdırıb.
Tədbirdə “Təhsil” televiziyasının 2017-ci ildə təhsil sahəsində həyata keçirən tədbirlərə və yeniliklərə dair hazırladığı videoxronika nümayiş olunub.