Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-04 18:12:00
DİM-də fizika və rus dili fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib

Fizika fənni üzrə iclasın gündəlik məsələsi 20 avqust 2020-ci il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi – I və IV ixtisas qrupları üzrə imtahanlarda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan müqayisəli təhlili olub.

 

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, iclasda 10 qapalı tipli tapşırığın hər biri (I ixtisas qrupu üzrə 36-45 saylı, IV ixtisas qrupu üzrə 66-75 saylı) aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından müzakirə edilib.

 

İştirakçılar tapşırıqlarla bağlı fikirlərini bildiriblər. Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

 

Müzakirələr nəticəsində tapşırıqların ali təhsil müəssisələrinə qəbul imtahanı proqramına uyğunluğu, abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verməsi bir daha öz təsdiqini tapıb.

 

Statistik göstəricilər əsasında aparılmış bu müzakirələrdə, həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyən edilib. Bu tapşırıqların izahlarına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.

 

Rus dili fənni üzrə iclasın gündəlik məsələsi ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının müzakirəsinin davamı olub.

 

İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər. Proqramın təkmilləşdirilməsində təkliflər nəzərə alınıb. 

 

Növbəti iclaslarda (11 noyabr 2020-ci il tarixində) müzakirələr davam etdiriləcək.