
Vətən Müharibəsi davam edir. Döyüşlərdə iştirak edənlər arasında Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbə və əməkdaşları da var.
Universitetlərimiz cəbhəyə yollanan əməkdaşları və ailələrinə necə diqqət göstərir?
Mətbuat xidmətlərindən AzEdu.az-a verilən məlumata görə, bununla bağlı universitet tərəfindən müəyyən tədbirlər həyata keçirilir:
Mingəçevir Dövlət Universitetinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin nümayəndəsi Qurban Qurbanzadə:
“Hazırda cəbhədə olan əməkdaşlarımızın ailələri universitetimizin diqqətində saxlanılır, maaşları hər zamankı kimi tam şəkildə ödənilir. Bundan əlavə onlara mənəvi dəstək kimi döyüşlərdə iştirak edən əməkdaşlarımızın, qiyabi tələbələrimiz və məzunlarımızın ailələrini ziyarət edirik. Digər tərəfdən isə bildiyimiz kimi təhsil müəssisələrində 2 noyabra qədər tətil elan edilib. 2 noyabrdan sonra dərslərin müəyyən formada bərpa olunacağı təqdirdə bu əməkdaşların dərslərinin axsamaması üçün digər müəllimlər onları əvəz edəcək”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Bəhruz Nəzərov:
“Hazırda universitetimizin bir neçə əməkdaşı səfərbərliyə cəlb edilib. Bütün respublika ərazisində olduğu kimi səfərbərlik çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinə çağırılan əməkdaşlarımızın əməkhaqqları saxlanılır. Özləri hərbi xidmətdə olduqları zaman bu ödənişlər ailələrinə çatır. Eyni zamanda onların ailələri ilə müntəzəm şəkildə əlaqə saxlanılır.”
Lənkəran Dövlət Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Esmira İsmayılova:
“Səfərbərliyə cəlb edilən, hazırda cəbhə bölgəsindəki döyüşlərdə iştirak edən əməkdaşlarımızın əməkhaqqları ailələrinə təslim edilir. Eyni zamanda əməkdaşlarımızın yaxın həmkarları, müəllim yoldaşları mütəmadi olaraq onlarla əlaqə saxlayır, döyüş bölgəsindəki vəziyyətləri ilə maraqlanır, ailələri ilə daimi ünsiyyətdə olurlar. Məsələnin həssas olduğunu, ailələrinin hazırki vəziyyəti və keçirdiyi hissləri nəzərə alaraq buna uyğun şəkildə onların ailələri ilə ünsiyyət qurur, vəziyyətləri ilə maraqlanırıq. Əməkdaş və tələbələrimiz daxil olmaqla cəbhəyə yollanan hər bir fərdimizin sağ-salamat, zəfər xəbəri ilə qayıdacağına ümüd edir və inanırıq.”
Bakı Mühəndislik Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Elman Babayev:
“Qeyd edim ki, BMU-nun əməkdaşları ilk gündən cəbhəyə yardım istiqamətində geniş kampaniyalar aparıb və əməkdaşlarımız yardımların ünvanına çatdırılması üçün müvafiq ərazilərdə olublar. Hazırda da bu iş davam edir. Bununla bağlı əlavə nəsə deməyi lazım bilmirik. Çünki bu hər birimizin vətəndaşlıq, həmçinin mənəvi borcudur.
Cəbhədə olan əməkdaşlarımızın qanuna uyğun olaraq əmək müqaviləsi qüvvədə saxlanılıb, əmək haqqı ödənilir. Cəbhədə olan tələbələrə də münasibətdə bütün mümkün yanaşmalar tətbiq olunub. Bütün kollektiv onlarla birlikdədir.”
Azərbaycan Memarlıq və İnşaat Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Nəcibə Mirzəyeva:
“Universitetimizin əməkdaş və tələbələri arasında səfərbərlik üçün çox sayda müraciət edənlər var idi. Ancaq hazırda əməkdaşlar arasında səfərbərliyə cəlb edilən yoxdur. Buna baxmayaraq hazırda cəbhədə davam edən döyüşlərdə universitetimizin əvvəlki illərinin məzunları fəal iştirak edir. Hətta aralarında son ilin məzunları da var ki, onların diplomları hələ özlərinə təslim edilməyib.
Eyni zamanda məzunlarımız arasından bir neçəsinin şəhid olması ilə bağlı xəbər aldıq. Universitetin məzunları arasında 5 nəfər, AzMİU-nun nəzdində İnşaat kollecinin məzunları arasından 4 nəfər şəhid olub. Universitetimizin məzunlarından şəhid olanlar arasında 2 nəfərin diplomu universitetdədir.
Hətta şəhidlər arasında çox istedadlı məzunlarımız var. Bir şəhidimiz çox aktiv və bacarıqlı tələbə idi, universitet çərçivəsində dəfələrlə sərgisi təşkil edilmişdi.
Rəhbərlik tərəfindən müəyyən edilmiş universitet daxili təşkilatlar vasitəsi ilə bununla bağlı müəyyən işlər həyata keçirilir. Universitet daxilində şəhidlərin xatirəsi yad edilir, ailələri ilə yaxından əlaqə saxlanılır.”
Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Cavid Zeynallı:
“Universitetimizdə hazırda təhsil alan 3 magistr tələbəsi könüllü müraciətləri əsasında səfərbərliyə cəlb edilib. Onlar hazırda döyüşlərdə fəal iştirak edirlər. Başqa tələbələr də döyüşlərə cəlb edilərsə, universitetə müraciət edə bilərlər, bu zaman onlar barəsində müvafiq tədbirlər görüləcək. Bununla bağlı universitet çərçivəsində müəyyən işlər həyata keçirilir.”
Qeyd edək ki, sentyabrın 27-dən etibarən cəbhəboyu zonada ordumuzun həyata keçirdiyi işğaldan azad etmə əməliyyatları uğurla davam edir.
Qarabağ Azərbaycandır!