
Sabah Dövlət İmtahan Mərkəzində (DİM) ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı “GRE: General Test” imtahanı keçiriləcək.
DİM-dən AzEdu.az-a verilən məlumata görə, imtahan mərkəzin Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahanda iştirak edəcək şəxslər saat 09:00-dan gec olmayaraq qeyd olunan sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:
- Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
- İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə.
İmtahan iştirakçısı “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edib imzalanmış şəkildə gətirməlidir.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.