Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-21 22:42:00
İnformatika fənni üzrə doktorluq imtahanları başlanıldı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qərarına əsasən respublika üzrə doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanlarına başlanılıb. Akademiyadan AzEdu.az-a verilən məlumata görə, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçirilən imtahanlar iyulun 6-dək davam edəcək.

Bu sessiya ərzində ümumilikdə 600-dək elmi tədqiqatçının imtahan verəcəyi gözlənilir. İyulun 4-də və 6-da Gəncə və Naxçıvan bölgələrində yaşayan elmi tədqiqatçılar üçün informatika fənni üzrə doktorluq imtahanları internet üzərindən distant formada keçiriləcək. İmtahan prosesinə institutun Tədris-İnnovasiya Mərkəzində quraşdırılmış videomüşahidə sistemi vasitəsilə nəzarət ediləcək.

 

Qeyd edək ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamına əsasən, 2016-cı ildən regional ali təhsil və elmi-tədqiqat müəssisələrinin doktorant və dissertantlarının informatika fənni üzrə doktorluq imtahanları test texnologiyaları əsasında internet üzərindən distant formada keçirilir.