
AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:
Yola saldığımız həftədə 2-8 noyabr tarixində təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:
2 noyabrdan tədrisin distant təşkilinə başlanıldı
Nazirlər Kabinetinin oktyabrın 29-da imzaladığı qərara uyğun olaraq, bütün təhsil pillələri üzrə tədrisin distant təşkilinə başlanılıb.
Qərar dekabrın 1-dək qüvvədədir.
Müəllimlərin işə qəbulu üzrə əlavə yerdəyişmənin nəticələri açıqlandı
Əlavə yerdəyişmə siyahı əsasında namizədlərin bal ardıcıllığı və faktiki yaşayış yeri nəzərə alınmaqla həyata keçirilir.
Təhsil Nazirliyi: 28 məktəb rəhbərinə töhmət verilib
Nazirlikdən verilən məlumata görə, monitorinq nəticəsində yoxlama aparılmış 74 ümumtəhsil məktəbində müxtəlif sayda qayda pozuntuları aşkar edilib. Qayda pozuntuları aşkar edilmiş ümumi təhsil müəssisələrinin rəhbərləri ilə bağlı əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdıqlarına görə müvafiq qaydada intizam tədbirləri görülüb. Belə ki, 4 məktəb rəhbərinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 24-nə töhmət verilib, 46-na isə xəbərdarlıq edilib.
Məktəblilərimiz 37-ci Balkan Riyaziyyat Olimpiadasında uğurlu nəticə əldə etdilər
Rumıniyada təşkil olunan 37-ci Balkan Riyaziyyat olimpiadasında iştirak edən məktəblilərimiz uğurlu nəticə göstəriblər. 18 ölkədən 108 məktəblinin virtual şəkildə qatıldığı yarışda komandamızın bütün üzvləri qaliblər sırasında yer alıb.
Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Abbas Məmmədov gümüş medal, həmin liseyin 10-cu sinif şagirdi Toğrul Abbasov və 9-cu sinif şagirdi Fidan Qarayeva, eləcə də Bakı şəhəri 2 nömrəli texniki humanitar liseyin 10-cu sinif şagirdi Elçin Musazadə, 220 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdi Yusif Qasımov və Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Vüqar Quliyev isə bürünc medal qazanıb.
“Virtual məktəb"də qaydalar asanlaşdı
“Virtual məktəb"də qeydiyyatdan keçən müəllimlər üçün Təhsil Nazirliyi tərəfindən platformadan istifadə ilə bağlı ödənişsiz onlayn təlimlər davam etdirilir.
Təlimlərin məqsədi müəllimlərin platforma vasitəsi ilə məsafədən tədris aparmaq bacarıqlarını inkişaf etdirmək və onlara dəstək göstərməkdir.
Təlimdə iştirak etmək istəyən müəllimlər “Virtual məktəb” (https://virtual.edu.az/) saytında yerləşdirilmiş sorğu formasını dolduraraq təlimlərə yazıla bilərlər.
2 şəhər və 8 rayonda repetitorluq fəaliyyəti dayandırılır
2 şəhər və 8 rayonda repetitorluq və hazırlıq kurslarının fəaliyyəti dayandırılır.
Bu Nazirlər Kabineti yanında Operativ Qərargahın “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişiklikdə əksini tapıb.
Bu qədər məktəbdə təhsil dayandırılıb-Emin Əmrullayev
“27 sentyabrdan etibarən müharibə şəraiti ilə əlaqədar 1200 məktəbdə təhsil dayandırılıb”.
Bunu Təhsil naziri Emin Əmrullayev Türkiyənin Haber Global kanalına müsahibəsi zamanı səsləndirib.
50 məktəb dağıdılıb, 9 şagirdimiz dünyasını dəyişib- Emin Əmrullayev
“27 sentyabrdan ölkəmizdə 50 məktəb və təhsil müəssisəsi dağıntıya məruz qalıb”.
Bunu Təhsil naziri Emin Əmrullayev Türkiyənin “Haber Global” televiziyasına müsahibəsi zamanı səsləndirib.
BŞTİ-də vətəndaşların qəbulu dekabrın 1-dək dayandırılır
Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il dekabrın 1-dək fəaliyyətini dayandırıb.