_629.jpg)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar onlayn tədbirlər keçirilib.
Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə, onlayn tədbirlərin keçirilməsində məqsəd məktəbliləri Dövlət Bayrağı Günü ilə bağlı məlumatlandırmaq, onları dövlət atributlarına hörmət ruhunda tərbiyə etmək, şagirdlərdə vətənpərvərlik hisslərini yüksəltməkdir.
“Zəfər çalan bayrağımız!”, “Bayraq mənliyimdir!”, “Bir kərə yüksələn bayraq bir daha enməz!”, “Bayrağımız - baş tacımız!”, “Bayrağımız qürur mənbəyimizdir!” və digər mövzularda təşkil olunmuş onlayn tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbirlərdə məktəblilərə bayrağımızın yaranma tarixi, ulu öndər Heydər Əliyevin dövlət bayrağı haqqında fikirləri, Azərbaycan bayrağının şanlı tarixi haqqında geniş məlumat verilib. Bildirilib ki, ölkə başçısının 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə təsis edilən Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə, mənəvi-siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək göstəricisidir.
Çıxış edənlər Dövlət Bayrağı Gününün bütün azərbaycanlılar tərəfindən qeyd edilməsini milli birliyin əlaməti kimi dəyərləndirib, şagirdlərə uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı daim uca tutmağı tövsiyə ediblər. Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan üçrəngli bayrağın ölkəmizin işğaldan azad olunmuş torpaqlarında yenidən dalğalanmasının azərbaycanlılara sevinc və fərəh hissi bəxş etdiyi vurğulanıb. Həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu tərəfindən düşmən təxribatının qarşısının qəhrəmanlıqla alınması və torpaqlarımızın işğaldan azad olunmasının xalqımıza qürur hissi yaşatması barədə fikirlər səsləndirilib.
Onlayn tədbirlərdə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Eləcə də şagirdlərin dövlət atributlarına aid əl işlərindən ibarət onlayn sərgilər təşkil olunub.