Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-10 16:51:00
Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” IV Qrant müsabiqəsi yeni layihəyə start verib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” IV Qrant müsabiqəsinin qalibi olan “Milli düşüncəli, vətənpərvər ruhlu və vətəndaş mövqeli şagird yetişdirək!” layihəsi Bakı şəhər Binəqədi rayonu 83 nömrəli məktəb-lisey tərəfindən icra olunmağa başlayıb.

 

AzEdu.az xəbər verir ki, 6 ay müddətində icra olunacaq layihənin əsas məqsədi ümumtəhsil məktəblərində şagirdlərin ictimai fəallığını, milli düşüncəsini, vətənpərvərlik hisslərini və vətəndaş möqeyini yüksəltmək üçün müəllimlərin bilik, bacarıq və təcrübələrini artırmaqdır.

 

Layihənin icra planına uyğun ilk olaraq hazırlıq işləri təşkil olunmuş, keçiriləcək virtual təlim və vebinarlarda iştirak etmək üçün müəllimlərin onlayn qeydiyyat linki yaradılmış, dəvət olunan təlimçi və ekspert tərəfindən onlayn tədbirlərin proqram, modul, qiymətləndirmə və sorğu anketləri hazırlanıb.

 

İlkin seleksiyadan sonra onlayn təlim və vebinarlara seçilən müəllimlər regionlar üzrə qruplara bölünəcək və hər biri 5 gün olmaqla virtual tədbirlərə başlayacaqlar. Layihənin icrasında onlayn təlim alan müəllimlərin qiymətləndirilməsi aparılacaq, mövzulara uyğun əlavə məsləhətləşmələr təşkil olunacaq və pedaqoqlar üçün bilgi və məlumat bazası rolunu oynayacaq kitabça hazırlanacaq. Eyni zamanda layihənin sosial media üzərindən geniş PR fəaliyyəti təşkil olunacaq, təhsil işçilərinin fəallığı ilə mövzuya uyğun geniş təbliğat və maarifləndirmə kampaniyası aparılacaq. Layihə yekununda iştirakçılar sertifikatlarla təltif olunacaq və “vətəndaş təhsilli müəllimlər milli şəbəkəsi” formalaşdırılacaq ki, bunlar da davamlılıq olaraq gələcəkdə regionlarda bu işləri digər həmkarları ilə davam etdirəcəklər.